BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev noyabrın 21-də qardaş Qazaxıstanın fəaliyyətdə olan Prezidenti Qasım-Jomart Toqayevə təbrik məktubu göndərib. Məktub noyabrın 20-də keçirilmiş seçkidə Q-J.Toqayevin böyük üstünlüklə növbəti dəfə qələbə çalması ilə bağlıdır.
Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
“Səsvermənin nəticələri xalqınızın Sizə olan böyük inam və etimadının bariz təzahürü, qardaş Qazaxıstanın hərtərəfli inkişafı yolunda fəaliyyətinizə verilən yüksək qiymətdir.
“Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxşaxəli münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
“Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.” Təbrik məktubunda belə qeyd edilib.