Son yeniləmə: 21 Noyabr 2022 16:53
Robert Mobili: 30 il boyunca Ermənistanın işğalçılıq siyasətinə qarşı səsini çıxarmayan Fransa bu gün öz torpaqlarını işğaldan azad etmiş Azərbaycanı hədəfə alır
BAYRAQDAR MEDİA – “Düzdür, mən siyasətçi deyiləm. Amma bir şey gün kimi aydındır ki, Fransanın bu addımı, Senatın məlum qətnaməsi ikili standartın növbəti nümunəsidir. Bu gün Fransa Qafqazda erməniləri müdafiə edir, Qafqazda erməni marağından çıxış edir”.
Bunu Fransa Senatının məlum qətnaməsini BAYRAQDAR MEDİA üçün dəyərləndirən Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili deyib.
O, qeyd edib ki, Fransanın bu yanaşması qəbuledilməzdir: “Onlar indi də iddia edirlər ki, guya Azərbaycan dünya miqyasında işğalçı ölkədir. 30 il boyunca Ermənistanın işğalçılıq siyasətinə qarşı səsini çıxarmayan Fransa bu gün öz torpaqlarını işğaldan azad etmiş Azərbaycanı hədəfə alır. Onların təbirincə biz işğalçı oluruq, biz dağıdırıq, biz dini dözümsüzlük nümayiş etdiririk. Amma bütün bunlar yalan və böhtandır”.
“Azərbaycan inkişaf edib. Azərbaycan sözün həqiqi mənasında çoxmillətli, çoxkonfessiyalı ölkədir. Burada fərqli etnoslar, fərqli mədəniyyətin daşıyıcısı olan xalqlar bir ailə kimi yaşayırlar. Fransa bu gün bu birgəyaşayış modelini dağıtmaq istəyir. Azərbaycanı dünya miqyasında başqa çərçivədə göstərmək istəyir. Lakin Fransa siyasətçiləri böyük yalan danışırlar. Üstəlik işğaldan azad edilmiş torpaqlara hər hansı komissiya göndərmək istəmirlər. Çünki onlar burada həqiqəti görmək istəmirlər. Ermənistanın işğalçılıq siyasətinin, vandalizminin nəticələrini görmək istəmirlər”, – deyə R.Mobili əlavə edib.