Press "Enter" to skip to content

Hansısa təxribatlar olacaqsa…

Emin Həsənli

Son yeniləmə: 21 Noyabr 2022 13:54

Emin Həsənli: Azərbaycan Ordusu gərəkən cavabı verəcək

BAYRAQDAR MEDİA – “Ermənistan heç vaxt beynəlxalq hüquqa əməl etməyib. Əməl etsəydi, 30 il bu münaqişə davam etməzdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

O, qeyd edib ki, Ermənistan tərəfinin başa düşdüyü dil ancaq hərbi dildir: “Ona görə də dəmir yumruq onları başa saldı. İki il öncə Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın etdi. Əslində, 44 günlük Vətən müharibəsindən sonra bir çoxları düşünürdü ki, Ermənistan aldığı zərbədən sonra nəhayət ki, nəticə çıxaracaq. Ermənistan məhv olmuş ordusunu, dağılmış iqtisadiyyatını bərpa etmək üçün Azərbaycanla sülh müqaviləsi imzalayacaq. Təəssüflər olsun ki, Ermənistana himayədarlıq edən Fransa, İran, Rusiya və başqa bəzi dövlətlər bu münaqişənin həll olunmasına imkan vermir. Ermənistan da onlara inanaraq sülh müqaviləsini imzalamaqdan yayınır”.

E.Həsənli bildirib ki, onlar indi də Azərbaycan torpaqları daxilində mühəndis-istehkam qurğuları qurmaq istəyirlər: “Müxtəlif qeyri-qanuni addımlar atırlar. Qarabağ ərazisinə qanunsuz səfərlər həyata keçirirlər. Bütün bunların hamısı həm 10 noyabr, həm də Brüssel bəyanatlarına, o cümlədən beynəlxalq hüquq normalarına ziddir. Qoy onlar bilsinlər ki, Azərbaycan dövləti, Azərbaycan ordusu lazım olan addımları atacaq. Bütün vəziyyətə ordumuz nəzarət edir. Həm diplomatik masada, həm də cəbhədə Azərbaycanın böyük üstünlüyü var. 12-13 sentyabrda baş verənlər də onu göstərdi ki, hansısa bir təxribat olacaqsa, Azərbaycan dövləti, Azərbaycan Ordusu gərəkli cavabı, özü də artıqlaması ilə verəcək”.

Mission News Theme by Compete Themes.