Son yeniləmə: 21 Noyabr 2022 12:58
Yeganə Hacıyeva: Azərbaycan sübut etdi ki, ATƏT-in Minsk Qrupunu yenidən gündəmə gətirmək heç də normallaşmaya xidmət edən mövqe deyil
BAYRAQDAR MEDİA – “ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi ilə, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü özünü proseslərdən kənarlaşdırdı”.
Bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Rikerin fikirlərini BAYRAQDAR MEDİA üçün dəyərləndirən politoloq Yeganə Hacıyeva deyib.
Xatırladaq ki, F.Riker ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı bununla bağlı maraqlı fikirlər səsləndirib. O, deyib ki, “artıq ATƏT-in Minsk Qrupunun olmadığını etiraf etməyin vaxtıdır”.
F.Rikerin bu fikrinin təsadüfi olmadığını deyən Y.Hacıyevanın sözlərinə görə, əslində, o, reallığı dilə gətirib: “Minsk formatı ilkin olaraq ATƏT coğrafiyasında münaqişələrin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutulmuşdu. Bu mexanizm isə heç bir münaqişənin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi. Nəticədə də 28 ildən sonra Azərbaycan məcbur qalaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Ancaq son iki ildə Ermənistan və havadarlarının nəyin bahasına olursa-olsun, Minsk Qrupunu yenidən prosesə cəlb etmək təşəbbüsləri izlənilirdi”.
O da vurğulanıb ki, faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri haqqında fikirlər istər ABŞ, istər Rusiya rəsmilərindən eşidildi: “Minsk Qrupunun fəaliyyətinin faktiki olaraq dayandırıldığı bir vaxtda ABŞ-dan olan həmsədr dəyişdirildi. Rusiya Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunu yenidən diriltməyə can atan açıqlamaları, Nazirliyin sözçüsü Mariya Zaxarovanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə davam edən işlərdə “ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri” kimi adlandırılan Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan nizamlanması üzrə xüsusi nümayəndəsinin cəlb olunması kimi cəhdləri izlədik. Azərbaycan isə beynəlxalq ictimaiyyəti və o cümlədən tərəfdaşlarımız – istər ABŞ, istər Rusiyanın fikirlərinə sərt və konkret reaksiya verməklə sübut etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqlarda ATƏT-in Minsk Qrupunu yenidən gündəmə gətirmək heç də normallaşmaya xidmət edən mövqe deyil. Onu da deyim ki, ABŞ-ın keçmiş həmsədri Riçard Hoqlandın sözü ilə desək, “yeyib-içib kef çəkən”, “həmsədr postuna karyera yüksəlişi kimi baxılan”, “danışıqların heç bir nəticəsi olmayan Minsk Qrupunun tabutuna” sonuncu mismarı Fransanın erməni maraqlarından çıxış eləməsi vurdu”.