Press "Enter" to skip to content

Fars-molla rejimi çark etdi

Nadir Azəri

Son yeniləmə: 21 Noyabr 2022 14:42

Yaxud Vilayətinin səmimiyyətinə inanmağım gəlmir

BAYRAQDAR MEDİA – İranın fars-molla rejimi Türkiyəli qardaşlarımızın təbirincə desək, çark etdi. Hər halda İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin “Mən də azərbaycanlıyam” başlığı ilə dərc edilən məqaləsi bu ölkənin son günlərə qədər Azərbaycan əleyhinə gur-gur guruldayan təmsilçilərinin fikirlərindən yerlə göy qədər fərqlənir. Doğrudur, Vilayəti hər nə qədər səmimi olduğunu sərgiləmək istəsə də içərisindəki fars-molla rejiminə sədaqət və sevgi yenə də bir yerdən özünü göstərir.

Bu barədə bir qədər sonra. Hələlik isə məqaləni ümumilikdə bu cür dəyərləndirmək olar ki, İranın fars-molla rejimi boyundan böyük işlərə baş vurduğunu anladı və Vilayətinin dili ilə Azərbaycandan sanki üzr istədi. Amma bir daha deyirik ki, bunların səmimiyyətinə inanmaq çətindir.

Bunun üçün milyonlarla səbəbimiz var. Ən əsası odur ki, fars-molla rejimi türklüyün də, türk dünyasının da, Azərbaycanın da, Türkiyənin də düşmənidir.

Sadəcə bunlar cənab Prezident İlham Əliyevin timsalında Azərbaycan dövlətinin qətiyyətini, gücünü görüb qınlarına çəkilməyə qərar verdilər. Amma bu, onların bizə qarşı düşmənlikdən əl çəkəcəkləri anlamına gəlməməlidir. Ona görə o taylı, bu taylı hər birimiz ayıq-sayıq olmalıyıq.

Yeri gəlmişkən, ağayi Vilayəti bildirib ki, “son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır”.

Biz də deyirik ki, Vilayəti və onun tərəfindən bu məqalənin yayılmasını istəyənlər buyursunlar səmimi olduqlarını əməldə göstərsinlər.

Madam ki, İran Azərbaycana qarşı hücum etmək istəmirdi, madam ki, bu şayiənin yayılması İrana qarşı namərdcəsinə atılan böhtandır, o zaman buyursunlar həmin namərdcəsinə addım atanları cəzalandırsınlar. Namərdcəsinə hərəkət edənlər isə İran parlamentində, İran mediasında, İran ordusunda, İranın ayrı-ayrı beyin mərkəzlərində oturub, gecə-gündüz Azərbaycanı hədələyənlərdir.

Vurğuladığımız kimi, Vilayəti hər nə qədər səmimi görünməyə çalışsa da üzr formasındakı məqaləsinin sonuna doğru yenə də fars-molla rejiminin mahiyyətinə uyğun davranır. Məsələn deyir ki, “Arazın Quzeyindəki azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da biz sərhədləri aradan qaldırıb hər hansı yeri tutmağa çalışmırıq”.

İndi bu adama demək lazımdır ki, ay zalım oğlu, siz kimsiniz və sizə kim haqq verib ki, hələ bir “sərhədləri aradan qaldırıb hər hansı yeri tutmağa” da çalışasınız? İkinci bir tərəfdən siz, əslində, bunu, yəni Azərbaycana hücum etməyi başından bəri istədiniz, ancaq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qətiyyətini gördünüz və geri çəkildiniz. Bütün bunlardan sonra yenə yuxarıdakı fikri dilə gətirməklə isə Vilayəti “dəvədən yıxılıb höt-hötün yerə qoymur” el məsəlini xatırladır.

Hə, bu Vilayəti ağaya bir şeyi də xatırladaq. “Arazın Quzeyindəki azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da” sözləriniz də o qədər saxta və qeyri-səmimidir ki, adam deməyə söz tapmır. Niyəsini deyək. Əvvəla, Arazın Quzeyindəki azərbaycanlılarla fars-molla rejimi arasında heç zaman birlik olmayıb ki, ayrılıq da olsun. Ayrılıq Arazın o tayında və bu tayında, yəni Güneyində və Quzeyində yaşayan azərbaycanlılar arasında olub ki, onun da iki günahkarından biri məhz İrandır. İran və Rusiya imperiyaları arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə bu xalqı ikiyə bölüb torpaqlarına dədə malı kimi yiyələnmisiniz. İndi də durub hələ burada hansısa duyğu sömürüsü edirsiniz. Bunlar bizə keçməz. Quzey kimi Güneyin də azadlığına qovuşması qaçılmazdır.

Və sonda. Ağayi Vilayəti məlum məqaləsində and-aman edir ki, “mən də azərbaycanlıyam”. Amma burada yenə adamın ağlına dəvəquşu siyasəti gəlir. Bir köşəmizdə də qeyd etdiyimiz kimi, bəzi siyasətçilərin atdıqları addımlar dəvəquşunun hərəkətini xatırladır. Necə ki, dəvəquşu başını kola soxur, elə bilir ki, onu heç kim görmür, ətrafımızda olan bəzi ölkələrin siyasətçilərinin addımları da bəzən ona bənzəyir.

Türkiyəli qardaşlarımız demiş, lafı çox uzatmayaq. Bu gün “mən də azərbaycanlıyam” deyən ağayi Vilayəti cəmi 9 il öncə, 2013-cü ildə Azərbaycan və azərbaycanlılar haqqında yazdığı kitabında heç də azərbaycanlı kimi deyil, azərbaycanlılara qarşı düşmən kimi davranış sərgiləmişdi. Deyilənə görə, həmin vaxt azərbaycanlıları “fars kimliyini itirmiş kütlə” kimi təqdim edən bu zat bu gün nə hikmətdirsə “mən azərbaycanlıyam” deyib yaxa cırır. Bəlkə də diplomat instinkti burda “öz sözünü” deyir. Yəni deyirəm bəlkə ağayi Vilayəti də artıq Güney Azərbaycan Cümhuriyyətinin gec-tez elan olunacağını bildiyi üçün bəri başdan “mən də azərbaycanlıyam” deyərək o Cümhuriyyətin pasportunu daşımaq haqqı qazanmaq istəyir?!

Mission News Theme by Compete Themes.