Press "Enter" to skip to content

Azərbaycanda və dünyada uşaq hüquqları

Lamiyə İSAZADƏ

Lamiyə İSAZADƏ – “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü

BAYRAQDAR MEDİA – İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə, müdafiəyə, hüquqlarının qorunmasına ehtiyac var.

Bəlli olduğu kimi, 20 noyabr Dünya Uşaq Hüquqları və Konvensiyası Günüdür. Dünyadakı hər bir uşağın bütün haqlarının qorunması, uşaqların rifahının yaxşılaşdırılması üçün 1954-cü ildə BMT Baş Məclisi dünya ölkələrinə bu günü qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq Hüquqları Haqqında Konvensiyanı qəbul edib.

Uşaq Hüquqları Konvensiyası uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Bu Konvensiyaya daxil olan 54 maddənin hər birində ayrı-ayrı uşaq hüquqlarından danışılır. İnkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları həmin Konvensiyaya daxildir.

İlk öncə uşaqların inkişaf hüququndan danışaq. Bura uşaqların təhsil almaq, oyun oynamaq və istirahət etmək, müxtəlif məlumatlar almaq və dini hüquqları daxildir.

Hər bir uşaq ailənin möhkəmliyi, xalqın gələcəyi və cəmiyyətin sabahıdır. Uşaq hüquqlarının qorunmasında birinci növbədə məsuliyyət valideynin üzərinə düşür. Bu, Azərbaycan Respublikasının ali qanunu olan Konstitusiyanın 17.2-ci maddəsində də qeyd edilmişdir. Həmin maddəyə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət ciddi nəzarət edir.

Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsində də göstərildiyi kimi, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər tərəfindən həyata keçirilir. Uşaqları təhsildən yayındırmaq, onların oyun oynamaq, istirahət etmək hüququnu əlindən alıb erkən yaşda əməyə cəlb etmək, uşaq əməyinin istismarı uşaqların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu gün dünya ölkələrində, eləcə də öz ölkəmizdə bu cür hallara sıx rast gəlirik. Aidiyyəti qurumlar bu məsələdən xəbərdar olan kimi həmin uşağın hüquqlarını qorumaq məqsədilə uşağı anadan alıb dərhal dövlətin nəzarətində olan uşaq evlərinə yerləşdirirlər.

Uşaqlarımızın sağlam ruhda, təhsildən yayınmadan böyüməsi cəmiyyətimizin sağlam gələcəyi deməkdir. Dövlətimiz, eləcə də Heydər Əliyev Fondu bu istiqamətdə çox böyük layihələrə imza atır.

Uşaqların müdafiə hüquqları dedikdə onların müxtəlif növ zorakılıq və istismardan qorunması nəzərdə tutulur. Bu hüquqlara zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb etmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və cinsi istismar kimi məsələlər daxildir.

Uşaqların müxtəlif növ zorakılığa məruz qalmaları olduqca ağrılı bir məsələdir və tək bizdə yox, dünyada üzləşilən problemdir. Bu məsələ hər zaman hər birimizin diqqətində olmalıdır. Uşaqlara yaşlarına uyğun cinsi məlumatlar verilməli, hər mövzuda olduğu kimi bu mövzuda da rahatlıqla danışıb özünü ifadə edə biləcəyi, sevgi və güvən mühiti təmin edilməlidir. Hesab edirəm ki, bu problemin həllini tapması, uşaqların istismara, xüsusilə cinsi istismara məruz qalmasının qarşısının alınması istiqamətində ölkəmizdə vacib addımlar atılır.

Konvensiyaya daxil olan digər hüquqlardan biri də uşaqların iştirak hüquqlarıdır. Bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etmək imkanı yaradır. Fikri sərbəst ifadə etmə, öz həyatı barəsində rəy söyləmə, ictimai təşkilatlara qoşulma; eyni zamanda bu hüquqlar qrupu uşaqlara qabiliyyətləri çatdığı qədər cəmiyyətin həyatında iştirak etmək imkanı verir, onlarda fəal vətəndaş mövqeyi formalaşdırır. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır.

Uşaqların yaşamaq hüququ dedikdə isə, bura uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir. Həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura daxildir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Həqiqətən də hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşaq sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyüyərsə, ölkənin parlaq gələcəyi də bir o qədər inkişaf edər.

Ümummilli liderimizin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev də dahi şəxsiyyətin uşaqlarla bağlı xeyirxah ənənələrini uğurla həyata keçirir. Dövlət başçısının 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında Sərəncamı da ölkədə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Azərbaycan Respublikası Uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin Uşaq Fondu – UNICEF-lə sıx əməkdaşlıq edir. UNICEF Azərbaycanda öz fəaliyyətinə 1993-cü ilin oktyabr ayından başlayıb və Azərbaycan xalqının hər bir uşağı üçün daha parlaq gələcək qurmaq məqsədilə fəaliyyət göstərir.

Elə bizim də vəzifəmiz uşaqlarımıza daha parlaq gələcək təmin etməkdir.

Mission News Theme by Compete Themes.