Press "Enter" to skip to content

“Turizmin inkişafı” üzrə İşçi Qrupunun ilk iclası

BAYRAQDAR MEDİA – Noyabrın 18-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” üzrə İşçi Qrupunun video-konfrans formatında ilk iclası keçirilib.

Agentlikdən BAYRAQDAR MEDİA-ya bildirilib ki, iclasda İşçi Qrupunun yaradılmasının məqsədi və mandatı barədə iştirakçılara məlumat verilib.

Sonra isə iclasda Dünya İqtisadi Forumu tərəfindən hazırlanan “Səyahət və Turizm İnkişaf İndeksi” beynəlxalq reytinqi üzrə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində İşçi Qrupun mandatı çərçivəsində mümkün fəaliyyət istiqamətləri müzakirə olunub.

İclas zamanı “Səyahət və Turizm İnkişaf İndeksi”, bu indeks üzrə 2021-ci il hesabatında ölkəmizin hazırkı reytinqi barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin, hesabatda yer alan indikatorların turizmlə birbaşa və dolayısı ilə bağlı olması iştirakçıların diqqətinə çatdırılıb. İndeks üzrə mövqeyimizin artırılması üçün “Turizm inkişafı” üzrə İşçi Qrupunun daha çox turizmlə birbaşa bağlı məsələlərə fokuslanmalı olduğu, turizmlə dolayısı ilə bağlı məsələlərlə isə Komissiya tərkibindəki digər aidiyyəti İşçi Qrupların məşğul olmasının məqsədəuyğun olduğu qeyd edilib.

Məlumata əsasən, görüş zamanı seçilmiş indikatorlar üzrə mövcud vəziyyətin, metodologiyanın aidiyyəti qurumlar tərəfindən daha ətraflı öyrənilməsi, eləcə də hesabatlılıq üçün nümunəvi hesabat formasının hazırlanmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb. Bunun əsasında fəaliyyət planının hazırlanması növbəti fəaliyyət istiqaməti kimi müəyyən olunub.

Görüşün yekununda qeyd edilən istiqamətlər üzrə ilin sonuna kimi ilkin fəaliyyət planının hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunması qərara alınıb.

İclasda 20 dövlət qurumu və 11 sənaye nümayəndəsi, həmçinin Komissiyanın Katibliyi təmsil olunub.

Mission News Theme by Compete Themes.