Press "Enter" to skip to content

Erməni-firəng bacılığı və ya bir türk dünyaya bədəldir

Azər Həsrət

Son yeniləmə: 19 Noyabr 2022 22:49

BAYRAQDAR MEDİA – Şənbə gecəsidir, Dədəlidə soyuq evdə oturub (Azərİşıq bu il mayın 7-də evimizi yandırdıqdan sonra hələ də bərpa edə bilmirik – A.H.) bir xatirəmi paylaşmaq istədim.

Səbəbsiz deyil.

Bəlli olduğu kimi, Tunisdə firəngdillilərin toplantısı keçirilir. Orada Firəngistan kiçik bacısı Ərmənistanla əlbir şəkildə dəxli olmadan anti-Azərbaycan sənəd qəbul etdirməyə çalışır (Bəlkə də artıq qəbul etdiriblər). Azərbaycanın dostu olan ölkələrin təmsilçiləri buna qarşı çıxıb, hətta etiraz əlaməti olaraq zalı tərk ediblər…

Ermənistan və Fransadan Azərbaycana xain hücum

İndi düz 21 il öncə bənzər bir halın qarşısını tək başıma aldığımı xatırladım. Qardaş ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı məsələ idi.

2001-ci ilin iyun ayında Seulda (Koreya) Beynəlxalq Jurnalistlər Federasiyasının qurultayında tam hüquqlu üzv kimi iştirak edirdim. Təbii ki, KKTC-dən heç kim yox idi. Amma mən vardım!

Ortalığı boş sanan Yunanıstan təmsilçisi Kuzey Kıbrısla bağlı bir bəyanat layihəsi təklif etmişdi. Layihədə KKTC deyil, “Türkiyənin işğal etdiyi Kiprin Quzey kəsimi” ifadəsi işlədilirdi.

Buna dözərdimmi? Təbii ki, yox!

Öncə Türkiyədən olan tək təmsilçiyə – Gazeteciler Sendikasının baş katibinə durumu anlatdım və birlikdə hərəkətə dəvət etdim. Adam məni heyrətləndirdi! Bəli, məhz elə! Cavabı bu oldu ki, “aman, aman, məni milliyyətçi sanarlar, mən qarışmayım, sən nəsə edə bilirsənsə, et”.

Təbii ki, etdim!

Etməzdimmi? Alınmasa belə bunu etmək üçün girişdim və alındı!

Öncə qurultayın sədrinə – Böyük Britaniya təmsilçisinə durumu bildirdim və dedim ki, “biz burada siyasi məsələləri həll etmirik. Yunanlar Kuzey Kıbrısın işğal edildiyini iddia edir, mənə görəsə ora azad edilib və indi müstəqil dövlətdir. Ona görə də yunanların o ifadəsinin yer aldığı bəyanat burada müzakirə edilməməlidir. Yaxud da o ifadə dəyişdirilməlidir”.

İngiltərə təmsilçisi mənimlə razılaşdı və bildirdi ki, “yalnız sənədi təklif edən qurultay nümayəndəsi o dəyişikliyi edə bilər. Digər nümayəndələr isə sadəcə lehinə və ya əleyhinə səs verə bilər”.

İngilis dostumuz əlavə etdi ki, yunanlara mənim narahatlığımı çatdırıb dəyişiklik etmələrini istəyəcək.

Mənəsə qurultay nümayəndələri ilə işləmək qalırdı. Bəyanatın qəbuluna da xeyli vaxt vardı, ona görə də fürsəti fövtə vermədim. Qollarımı çırmalayıb işə girişdim.

Müsəlman ölkələrindən gələnlərə yanaşıb tanışlıq verir, onlara biz müsəlmanların birlikdə hərəkət etməli olduğumuzu deyirdim. Sağ olsunlar, əksəriyyət mənim istəyimə müsbət cavab verdi. Kimlər yox idi bu adamların arasında? Ərəb ölkələri, uzaq İndoneziya, Malayziya, daha hansı ölkələri deyim?

Daha sonra keçmiş sovet ölkələrinin təmsilçilərinə yanaşıb keçmişdə bir ölkənin vətəndaşı olduğumuzu xatırlatdım və buna görə də bir-birimizə dəstək verməli olduğumuzu nəzakətli bir şəkildə nəzərlərinə çatdırdım. Onlar da sağ olsunlar, hətta Rusiya təmsilçiləri belə bu təklifimə müsbət yanaşdılar.

Ürək qızdırdıqlarım arasında Monqolustanı təmsil edən bir xanım da vardı. Ona yanaşarkən ortaq əcdadlarımızdan, Çingiz xandan danışdım. Dedim ki, biz birlikdə hərəkət etməsək əcdadımızın ruhu bizi bağışlamaz.

Yəni belə Yunanıstan fürsətcilliyini hər kəsin diqqətini çatdırdım, işlədim, nəticə almaq üçün yorulmadan çalışdım!

Bu hərəkətliliyim diqqət çəkmişdi əməllicə. Təbii ki, yunanlar da bundan öz paylarını almışdılar. Mən təklif edirdim ki, bəyanatda Kuzey Kıbrıs Türk Cümhuriyyəti ifadəsi keçsin. Ən pis halda isə sadəcə Kuzey Kıbrıs. Yəni “Türkiyənin işğal etdiyi Kiprin Quzey kəsimi” ifadəsi olmasın, yetər.

Nə isə, sıra gəldi bəyanat mətnlərinin təqdimatına. Həyəcanla bu yunanın təqdimatını gözlədik. O, bəyanatı olduğu kimi oxudu. Bir anlıq gərginləşdim, amma səbr etdim ki, görək necə olur. Adam bəyanatı olduğu kimi oxuduqdan sonra əlavə etdi ki, “Türkiyənin işğal etdiyi Kiprin Quzey kəsimi” ifadəsi etirazlara səbəb olduğu üçün “Türkiyənin işğal etdiyi” sözlərini bəyanatdan çıxarırıq. Beləliklə, Türk Cümhuriyyəti ifadəsi olmasa da sənəddə Kuzey Kıbrıs ifadəsi yer almış oldu. Bu isə şəxsən məni qane edirdi. Çünki tək idim, üstəlik də nümayəndələrin çoxunun bu məsələ heç vecinə də deyildi. Yəni yunan ayağını dirəsəydi, bəlkə də “Türkiyənin işğal etdiyi Kiprin Quzey kəsimi” ifadəsinə etiraz edənlər elə də çox olası deyildi. Adətən elə tədbirlərdə iştirak edənlərin çoxu bəzən hətta dünyadan xəbərsiz olur…

İndi bu olayı firənglərin erməni bacıları ilə əl-ələ verib Tunisdə – iştirakçılarının çoxu müsəlmanlar olan bir tədbirdə bizə xain zərbə endirmə cəhdi haqqında xəbərdən “ilhamlanıb” yazdım. Demək istədiyim odur ki, bizdən cəmi bir nəfərin belə olması bu cür tədbirlərdə durumu dəyişməyə yetərlidir. Nahaqdan demirlər ki, “bir türk dünyaya bədəldir”.

Olmalıyıq! Elə tədbirlərdə mütləq olmalıyıq! O cür yerləri boş buraxsaq, əleyhdarlarımız bizə qarşı istənilən təxribata əl ata bilər. Necə ki, atırlar! Ona görə də firəngdillilərin də təşkilatında fəal olmalıyıq. Necə ki, ermənilər firəng dilinə dəxilləri olmadan orda iştirak edir, biz də iştirak etməliyik.

Sözardı: BJF-nin sözügedən qurultayında onun mövcudluğu dövründə iştirak etmiş ilk Azərbaycanlı kimi tarixə düşmüşdüm 2001-ci ildə. Federasiya 1926-cı ildə qurulub. Həm də o qurultaya Azərbaycanın bir qəpik belə pulunu xərcləmədən getmişdim…

Və… imkan olsa bu videoya da baxmağı tövsiyə edərdim.

Mission News Theme by Compete Themes.