Son yeniləmə: 19 Noyabr 2022 11:53
BAYRAQDAR MEDİA – Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Mollacəlilli kəndində sakinlərin içməli suya görə xeyli miqdarda borcu yarandığı üçün bu yaşayış məntəqələrinin su təchizatı müvəqqəti dayandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, debitor borcun ödənilməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq edilsə də, onların böyük əksəriyyəti yenə də öhdəliklərini yerinə yetirməyib: “Buna görə də abonentləri ödənişə cəlb etmək üçün zəruri tədbir kimi su təchizatının dayandırılmasına qərar verilib və bu barədə icra orqanları, bələdiyyələr əvvəlcədən məlumatlandırılıb. Göygöl rayonunun Hacıməlik qəsəbəsi və Mollacəlilli kəndində sakinlərin istifadə etdikləri suya görə ümumilikdə 147 min manat debitor borcu yaranıb”. Məlumata görə, Hacıməlik qəsəbəsində 312 abonentin cəmi 43-ü xidmət haqlarını ödəyir: “Xidmət haqqını ödəməyən 269 abonentin içməli suya görə 74 min 698 manat (bir abonentə orta hesabla 278 manat) borcu yaranıb. Mollacəlilli kəndində isə 416 abonentdən cəmi 56-sı xidmət haqqını ödəyir. Digər 360 abonentin isə 72 min 408 manat debitor borcu (bir abonentə orta hesabla 201 manat) mövcuddur”.
Qeyd edilib ki, yaşayış məntəqələrinin mövcud su təchizatı sistemləri borclu abonentlərin su təminatının fərdi şəkildə dayandırılmasına imkan vermir: “Bunlar nəzərə alınaraq xidmət haqqını vaxtında ödəyən abonentlər fərdi qaydada sudaşıyan maşınlarla içməli su ilə təmin edilir və bu məqsədlə 18 tonluq su maşınları ayrılıb. “Azərsu” ASC abonentlərdən xidmət haqlarını vaxtında və tam ödənilməsini xahiş edir. Bildiririk ki, göstərilən xidmətlərin səviyyəsi abonentlərin ödənişlərindən asılıdır”.