Son yeniləmə: 19 Noyabr 2022 14:49
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə dekabrın 18-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
Bu barədə DİM-dən məlumat verilib.
Məlumata əsasən, inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat dekabrın 6-sı saat 23:59-dək aparılacaq: “Noyabrın 19-u saat 11:15-ə olan məlumat görə, imtahanda iştirak etmək üçün 123 (BA – 46, BB – 77) nəfər qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2 min 500 yer ayrılıb”.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq: “Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında verilib) istifadə etmək olar. Hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətlərinə daxil olmaq lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır”.