Son yeniləmə: 18 Noyabr 2022 12:09
Vüqar Bayramov: Bu Proqram Azərbaycanın iqtisadi gücünü və potensialını göstərən sənədlərdən biridir
BAYRAQDAR MEDİA – “Böyük Qayıdışa dair I Dövlət Proqramı praktik olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərlə bağlı sistemli və eyni zamanda ünvanlı qayıdış strategiyasını xarakterizə edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı dəyərləndirən millət vəkili bunu mühüm sənəd adlandırıb: “Qeyd edim ki, Proqram çərçivəsində ata-baba yurdlarına qayıdacaq vətəndaşlarımızın birinci mərhələdə qayıdışı nəzərdə tutulub. Bu o anlama gəlir ki, bir tərəfdən həmin ərazilərimiz sözügedən müddətdə qurulacaq, bərpa olunacaq. Digər tərəfdən də bu Proqram çərçivəsində həyat və gülüş Qarabağa, o cümlədən Şərqi Zəngəzura yenidən qayıdacaq”.
V.Bayramov deyib ki, Proqram Azərbaycanın iqtisadi gücünü və potensialını göstərən sənədlərdən biridir: “Nəticə etıbarı ilə bu imkan verəcək ki, Azərbaycan daha intensiv şəkildə məskunlaşma prosesini həyata keçirə bilsin. Bu da təbii ki, bütövlükdə Qarabağda və Şərqi Zəngəzurda iqtisadiyyatın formalaşması, həmçinin yenidən Azərbaycan iqtisadiyyatının inteqrasiyası baxımından da vacibdir. Bu baxımdan Proqram Azərbaycanın öz daxili imkanları hesabına qayıdış prosesini intensiv şəkildə həyata keçirəcəyini göstərməklə yanaşı, bizim iqtisadi gücümüzün bir göstəricisidir”