Press "Enter" to skip to content

Mingəçevir sakinləri deputatların onlardan xəbərsiz olduğunu deyir

Görüşdən görüntü

Son yeniləmə: 18 Noyabr 2022 09:02

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Qadınlar Assosiasiyası “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsini həyata keçirir. 05 sentyabr-05 dekabr 2022-ci il müddətini əhatə edən layihə çərçivəsində şəhid ailələri, qazilər və müharibə iştirakçılarının hüquqi maarifləndirilməsi işi təşkil edilir.

Xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 18-də sözügedən Assosiasiyadan veriblər.

Xəbərdə qeyd edilir ki, qurumun layihə çərçivəsində növbəti görüşü – dəyirmi masası Mingəçevirdə keçirilib. Tədbirdə çıxış edən Assosiasiyanın rəhbəri Sevil Yusifova layihənin məqsəd və vəzifələri, o cümlədən görülən işlər barədə məlumat verib. O, bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar və sosial dəstək proqramları müharibə iştirakçılarını əhatə edir: “Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan Respublikasının qanunlarından bir qisminə dəyişikliklər edilir. Bu dəyişikliklər müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Məsələn, “Vətən müharibəsi Qəhrəmanı” adı, o cümlədən 2 adda orden və 15 adda medal təsis edilib. Özünüməşğulluğun təşkilində müharibə iştirakçılarının ən qısa zamanda cəlb edilməsi sahəsində işlər görülür”.

S.Yusifova deyib ki, təşkilatın apardığı şifahi sorğuya görə, sosial qrupa aid olan insanların bir qismi qanunvericiliklə onlara verilən hüquqlar barədə, dövlətin apardığı işlər haqda az məlumatlıdır: “O, tədbirə qatılan dinləyicilərə kiçik ailə təsərrüfat və müəsissələrini qurmaq üçün aktivlərlə təmin olunmaq barədə müraciət etmələrini tövsiyə etdi. S.Yusifova Dəyirmi masada bəzi faydalı keçidlər haqqında məlumat verdi”.

“Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Hidayət Hidayətov görüş iştirakçılarına şəhərdə görülən işlər və təmsil etdiyi qurumun fəaliyyətindən danışdı. Qazilərin və şəhid analarının şikayətlərini dinlədi və problemlərin həlli yollarını izah etdi. O, layihə çərçivəsində Jurnalist Qadınlar Assosiasiyasının yürütdüyü xətti bəyəndiyini dedi və sosial qrupların hüquqi maarifləndirilməsi işini yüksək qiymətləndirdi”, – deyə xəbərdə bildirilir.

Xatirə şəkli
Xatirə şəkli

Xəbərin davamında deyilir ki, “sonra şəhid anaları, veteranlar, qazilər üzləşdikləri problemləri dilə gətirdilər. Mingəçevirdə torpaqla bağlı müraciətlərə baxılmadığını söylədilər. Bildirdilər ki, icra hakimiyyətindən vətəndaşlara “şəhərdə torpaq sahəsi ayrılmasının hələlik “dondurulduğu” cavabı verilir. Bundan başqa müzakirə zamanı bəlli oldu ki, şəhid ailələri şəhidlərin anım günlərini və yas mərasimlərini öz hesablarına keçirirlər. Toplantıda iştirak edən qazi Rüstəm Ömərov bildirdi ki, onun həm ev problemi var, həm də işsizdir. Müxtəlif təşkilatlara ünvanladığı müraciətləri həllini tapmır. Görüşdə səsləndirilən problemlər arasında ən çox işsizlik məsələsi gündəmə gəldi. Əksər müharibə iştirakçıları işsizlikdən əziyyət çəkirlər. Anar Məmmədov, Elvin Məmmədov, Nurlan Vəliyev və başqaları da problemlərini dilə gətirdilər”.

“Görüşdə iştirak edən dinləyicilər Mingəçevirin deputatlarının onlardan xəbərsiz olduqlarını da dedilər. Millət vəkilləri müharibə iştirakçılarının problemlərilə maraqlansa, evinə baş çəksə real vəziyyətdən xəbəri olar. Onlara müraciət edilir, bütün qaldırılan məsələlərə biganə münasibət sərgilənir.

“Tədbirdə iştirak edən hüquqşünaslar dinləyicilərin suallarını cavablandırdı. Görüş zamanı səsləndirilən təkliflərin qeydiyyatı aparıldı. Sonda belə qərara gəlindi ki, Mingəçevirdə Birinci Qarabağ müharibəsi veteranları və qaziləri ilə də görüş keçirilsin və JQA-nın işçi qrupu təkliflər paketi hazırlayıb Milli Məclisə göndərsin.” Xəbər bu sözlərlə bitir.

Mission News Theme by Compete Themes.