Son yeniləmə: 18 Noyabr 2022 09:27
BAYRAQDAR MEDİA – İraq türkmənləri üçün daha bir imkan yaradılıb. Belə ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən İraqda təhsil fəaliyyətini davam etdirən Tuzhurmatu Açıq Təhsil Fakültəsinin tərkibində “Türk Dili Laboratoriyası” yaradılıb.
Bununla bağlı məlumatda deyilir ki, 2020-2021-ci tədris ilində istifadəyə verilən fakültənin Türk dili kafedrasında müasir linqafon laboratoriyası yaradılıb, digər tədris siniflərində çatışmayan avadanlıqla təmin edilib.
Laboratoriyanın açılış mərasimində çıxış edən TİKA-nın Bağdad koordinatoru Mustafa Yazıcı layihə çərçivəsində İraqda müəllimlərə bakalavr təhsili verildiyini və Tuzhurmatu Açıq Təhsil Fakültəsinin məhdud imkanlara baxmayaraq böyük fədakarlıqla işlərini davam etdirdiyini bildirib. Türkmənlərin sıx yaşadığı bölgədə türk müəllimlərin təhsil və təlim səviyyələrini yüksəltməyi hədəflədiklərini ifadə edən M.Yazıcı, qarşıdurmalar səbəbilə uzun və çətin bir dövr keçirən Tuzhurmatuda çalışan fədakar müəllimlər sayəsində təhsil fəaliyyətlərinin davam etdiyini söyləyib.
Tədbirdə çıxış edən fakültə direktoru Dr. Hatəm Fəhad Mahmud isə bölgədə uzun müddətdir diqqətdən kənarda qalan təhsil xidmətləri, xüsusən də türkmən uşaqlarının ana dillərini öyrənmələri üçün türk müəllimlərin yetişdirilməsinə verdiyi töhfəyə görə TİKA-ya təşəkkür edib.