Son yeniləmə: 18 Noyabr 2022 15:20
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Gürcüstanda səfərdə olublar. Səfər zamanı onlar Tbilisi şəhərində keçirilən
“Rəqabət və İstehlakçı Hüquqlarının Müdafiəsi” beynəlxalq konfransında iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, 20-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli konfrans çərçivəsində təşkil edilən panel müzakirələrdə çıxış edib. O, Xidmət tərəfindən müvafiq sahədə aparılan islahatlar, yeni yanaşmalar, qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə həmçinin,Dövlət Xidməti nümayəndələrinin tənzimlənən bazarlar üzrə rəqabət siyasəti, istehlakçı hüquqlarının müdafiəsinin hüquqi təminatı, icra mexanizmləri və digər mövzularda çıxışları dinlənilib.
Konfrans çərçivəsində Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Gürcüstan Milli Rəqabət Agentliyinin sədri İrakli Lekvinadze ilə görüşüb, əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb.
Sonda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Gürcüstan Milli Rəqabət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.