Press "Enter" to skip to content

Güney Azərbaycan Cümhuriyyətinin elan ediləcəyi gün uzaqda deyil

Zaur BAYRAMLI

Son yeniləmə: 18 Noyabr 2022 14:11

Zaur Bayramlı: Güney Azərbaycan bu gün həm də Azərbaycan diasporunun bir nömrəli məsələsi durumuna gəlməlidir

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışında səsləndirdikləri tarixi fikirlər idi. Ümumilikdə hadisənin özü tarixidir. Çünki ilk dəfə olaraq ən yüksək səviyyədə dövlət başçısı tərəfindən Güney Azərbaycan məsələsinə rəsmi münasibət bildirilirdi. Güney Azərbaycanlıların üzləşdiyi problemlər, başda ana dilində təhsil olmaqla, dilə gətirlirdi. Azərbaycan dövlətinin bu problemlərin təqibçisi olacağı ifadə edilirdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində hazırda Birləşmiş Ştatlarda yaşayan Azərbaycanlı ictimai-siyasi fəal Zaur Bayramlı deyib.

Onun sözlərinə görə, bu hadisə həm də ona görə önəmlidir ki, Prezident bunu sadəcə Azərbaycan çərçivəsində demədi: “Artıq regional gücə çevrilmiş olan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə dilə gətirdi. Orda da ifadə etdi ki, biz türk dövlətlərindən kənarda yaşayan türk gənclərinin öz ana dillərində təhsil almaları məsələsini daim diqqətdə saxlamalıyıq və bu problemin həllinə öz töhfəmizi verməliyik. Dediyim kimi, bu da mühüm əhəmiyyət kəsb edir”.

Z.Bayramlı bildirib ki, Güney Azərbaycan məsələsi Vətən müharibəsindən sonra yeni bir mərhələyə keçmişdi: “Bu gün isə Prezident İlham Əliyevin çıxışı ilə həmin mərhələyə rəsmi şəkildə başlanıldı. Artıq Güney Azərbaycan məsələsi Azərbaycan dövlət siyasətinin önəmli bir parçası olmağa doğru getməkdədir. Bu məsələdə diasporun üzərinə çox böyük vəzifələr düşür. Təəsüflə də olsa qeyd etməliyəm ki, indiyə qədər Azərbaycan diasporu Güney Azərbaycan məsələsinə bir çox hallarda məsafəli yanaşırdı. Sanki öz məsələsi kimi baxmırdı. Lakin Azərbaycan Prezidentinin dilindən səsləndikdən sonra artıq kimsənin öz yaxasını kənara çəkməyə haqqı yoxdur. Güney Azərbaycan bu gün həm də Azərbaycan diasporunun bir nömrəli məsələsi durumuna gəlməlidir”.

Müsahibimiz sözügedən məsələ ilə bağlı təkilflərini də səsləndirib: “Hesab edirəm ki, Güney Azərbaycan məsələsini beynəlxalq aləmin diqqətinə, xarici ölkələrin siyasətçilərinə çatdırmaq üçün müxtəlif tədbirlər, aksiyalar keçirilməlidir. Bu gün İranda baş verən aksiyalarda rejimin hansı cəza üsullarına əl atdığı bəllidir. Bizlər olduğumuz ölkələrdə Güney Azərbaycanlıları müdafiə, İran rejiminin cinayətkar əməllərini ifşa etmək məqsədilə aksiyalar keçirməliyik. Konfranslar təşkil etməliyik. Müxtəlif tədbirlər keçirərək məsələnin beynəlxalq aləmin əsas gündəminə daxil edilməsinə nail olmalıyıq”.

“Güney Azərbaycan Cümhuriyyətinin elan ediləcəyi gün uzaqda deyil. Biz o günə hazır olmalıyıq. Lakin hazır olmaq sadəcə susaraq gözləmək deyil. Hər birimiz üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik. Hər kəs bacardığı qədər daşın altına əlini qoysa Güney Azərbaycan Cümhuriyyətinin reallaşması da bir o qədər tez olar”, – deyə o, sonda əlavə edib.

Mission News Theme by Compete Themes.