Son yeniləmə: 18 Noyabr 2022 17:35
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) və otk.az portalı yeni layihəyə başlayıb. Orta məktəb şagirdlərinin biliyinin qiymətləndirilməsi üçün fənlər üzrə sınaq imtahanı sual kitabçaları dərc olunub.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, kitabçalar ilkin mərhələdə 5, 6, 7 və 8-ci sinif şagirdləri üçün hazırlanıb: “Hər sinif üzrə 4 sınaq kitabçasının nəşr olunması nəzərdə tutulur. Hər sual kitabçası tədris ilinin ¼ hissəsini əhatə edir. Kitabçada hər bir fənn üzrə 10 test tapşırığı (5-ci sinif 5 fənn, 6-cı sinif 10 fənn, 7 və 8-ci siniflər 11 fənn) verilib”.
Məlumata əsasən, sual kitabçası daxilində rahat ayrılaraq istifadə oluna biləcək unikal iş nömrəsi və QR kod ilə təchiz olunmuş “Cavab kartı” yerləşdirilib: “Cavab kartındakı QR kod vasitəsilə şagirdlər otk.az portalına keçid edərək əlavə ödənişsiz daha bir onlayn sınaq imtahanı da verə biləcəklər. Cavab kartındakı QR kod vasitəsilə otk.az portalına keçərək və ya https://otk.az/?menu=sualkitabchalari bu ünvana daxil olaraq test tapşırıqlarının cavablarını müvafiq xanalara daxil etməklə nəticəni (toplanılan balı) öyrənmək mümkündür”.