Son yeniləmə: 18 Noyabr 2022 10:36
İlham İsmayıl: Ruben Vardanyanın simasında Rusiyaya çox açıq-aydın bir mesaj verildi
BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyev noyabrın 17-də Avropa Birliyinin Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa Birliyinin və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən maraqlı fikirlər səsləndirdi. Dövlət başçısı tarixə kiçik ekskurs edərək ermənilərin 30 il ərzində yalançı sülh mesajları verdiklərini, amma səmimi olmadıqlarını vurğuladı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə” kimi yanaşıb – VİDEO
Azərbaycanın mövqeyi bir daha bütün dünyaya bəyan edildi
Onun sözlərinə görə, Prezident ermənilərin o illər ərzində Azərbaycan torpaqlarını geri qaytarmadan sülhdən danışdıqlarını, məğlub olduqdan sonra da sülh danışıqlarında manipulyasiya etdiklərini bildirdi: “Dövlət başçısı görüşdə qalib ölkə kimi bu gün də sülh təklifi ilə çıxış etdiyimizi bildirdi. Cənab İlham Əliyev Azərbaycanın sülh mövqeyini bir daha bütün dünyaya bəyan etdi. Bu zaman isə dövlət başçısı vacib bir məqama toxundu. Cənab İlham Əliyev dedi ki, bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Qarabağ da daxil olmaqla Azərbaycanda erməni azlığına aid məsələlər. Azərbaycan Prezidenti eyni zamanda bildirdi ki, bu iki məsələ bir-birinə qarışmalı deyil. Əslində, cənab Prezidentin avropalı qonaqlarla görüşdə bu məqamın üzərində dayanması heç də təsadüfi deyil. Çünki Ermənistan rəsmiləri bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Amma bir tərəfdən də onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu isə qətiyyən qəbuledilməz və yolverilməzdir. Dövlət başçısı da açıq şəkildə bildirdi ki, biz buna razılıq verməyəcəyik”.
Ekspert bildirib ki, görüşdə verilən ciddi mesajlardan biri də Ermənistan rəhbərliyinin mövqeyi ilə bağlı oldu: “Soçi görüşündən sonra Ermənistan rəhbərliyi müharibə ritorikası ilə çıxış etməyə başlayıb. Dövlət başçısı da bu məqama toxunaraq “Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və “Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa Birliyinin səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox” dedi. Dövlət başçısı bu cür ritorikanın təhlükəli olduğunu bildirdi. Çünki bu deyilənləri biz də eşidirik və Nikol Paşinyan başda olmaqla Ermənistan hakimiyyəti bizim reaksiyamızın necə olacağı barədə düşünməlidir”.
Rusiyanın cəhdi puç olacaq
İ.İsmayıl qeyd edib ki, cənab Prezidentin çıxışındakı ən vacib məqamlardan biri də Rusiyaya verilən mesaj idi: “Rusiyaya birbaşa olmasa da, Ruben Vardanyanın simasında çox açıq-aydın bir mesaj verildi. Qeyd edildi ki, “biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib R.Vardanyanla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq”. Hesab edirəm ki, bu, olduqca dəqiqliklə və qətiyyətlə ünvanlanmış bir mesaj idi. Yəni Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmağa yox, söhbət etməyə hazırdır. Lakin öz vətəndaşlarımız olan ermənilərlə. Moskvadan cibi pulla doldurularaq göndərilən, əlində təlimatlar yazılmış dəftər olan R.Vardaynala hətta söhbət belə etmək fikrində deyilik. Yəni bu o deməkdir ki, Rusiyanın R.Vardanyanın timsalında yenidən oyun qurmaq, burada guya Qarabağ ermənilərinə hansısa statusun verilməsinin zəruriliyi barədə fikir formalaşdırmaq cəhdi puç olacaq. Azərbaycan buna imkan verməyəcək”.
Ekspert vurğulayıb ki, bu, Rusiyaya ünvanlanmış ciddi bir mesajdır: “Nəzərə almaq lazımdır ki, beş gündən sonra V.Putin Ermənistana gələcək. Noyabrın 23-də KTMT-nin iclası olacaq. Məhz belə bir ərəfədə bu mesajların verilməsi Rusiyaya açıq-aydın bir xəbərdarlıq oldu ki, biz sülh prosesini uzatmağın əleyhinəyik. Rusiyanın belə bir planı var ki, dekabrın 20-22-də qondarma rejimin nəzarətində olan ərazilərdə referendum keçirilərək prezident instutu ləğv edilsin. Buna paralel olaraq parlament də ləğv olunsun və “Fövqəladə Şura” adlı qondarma qurum yaradılsın. Həmin qurumun başına da R.Vardanyan keçəcək. Yəni əgər əvvəllər N.Paşinyandan gələn xəbəri Araik Arutyunyan dinləyirdisə, indi bütün nəzarət birbaşa Rusiyanın adamı olan R.Vardanyanın əlinə keçəcək. Bu o deməkdir ki, bizimlə birbaşa Rusiya danışacaq. Biz də bunu qəbul etməyəcəyik”.
İ.İsmayıl bildirib ki, dövlət başçısı bu çıxışı ilə bir sıra narahatlıq doğuran məqamlara aydınlıq gətirdi: “O, Azərbaycanın sülh haqqında mövqeyinin çox aydın və təmiz olduğunu göstərdi. Azərbaycanın öz mövqeyindən geri çəkilməyəcəyini də bir daha vurğuladı. Artıq bu çıxışa reaksiyalar da var. O reaksiyaların biri Rusiyadan gəldi. Rusiya Prezidenti Vladimir Putun İlham Əliyevlə telefonla danışdı. Azərbaycanda olan baş nazir Mixail Mişustin ölkəmiz haqqında çox təmtəraqlı sözlər dedi. Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsi İqor Xovayev Ermənistandan sonra Azərbaycana səfər edəcək. Bütün bunların hamısı Azərbaycanın mövqeyinin dönməzliyindən irəli gələn məsələlərdir. Yəni bu səfərlərin hamısı Azərbaycanla hesablaşmağa yönəlib. Azərbaycanın mövqeyi qəti və aydındır. Prezident bunu xüsusi olaraq vurğuladı”.