Press "Enter" to skip to content

Məcburi köçkün ailələri üçün tibbi aksiya

Ehtiyacı olan şəxslərə optik eynəklər paylanılıb

Son yeniləmə: 17 Noyabr 2022 17:00

BAYRAQDAR MEDİA – Münaqişədən ziyan çəkmiş Tərtər rayonunda qaçqın və məcburi köçkün ailələri üçün tibbi aksiya keçirir. Aksiya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin dəstəyi ilə reallaşır.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 17-də Aksiya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Tərtər rayon məcburi köçkün qəsəbəsində15-18 noyabr tarixlərdə keçirilən aksiyada ən azı min beş yüz şəxsin göz müayinəsindən keçməsi nəzərdə tutulur: “Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Tərtər, Bərdə və Ağdam rayon mərkəzi xəstəxanalarında fəaliyyət göstərən həkim-oftalmoloqlar aksiyaya cəlb olunub”.

Aksiya başkayandan etibarən Tərtər rayonunda müvəqqəti məskunlaşmış əsasən ağdamlı, laçınlı və kəlbəcərli məcburi köçkünlər iştirak ediblər: “Həkim-oftalmoloqlar tərəfindən yazılan reseptlər əsasında ehtiyacı olan şəxslərə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti tərəfindən ianə olunmuş optik eynəklər paylanılıb. Müayinə nəticəsində tibbi prosedurlar tələb olunan şəxslər isə əlavə müayinə və müalicə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib”.

O da qeyd edilib ki, Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkəti 2005-ci ildən etibarən hər il Azərbaycanda göz müayinəsi və eynək paylanışı aksiyasını həyata keçirib: “COVID-19 pandemiyası səbəbindən ənənəvi aksiyanı 2020-ci ildə reallaşdıra bilməsə də, şirkət BMT-nin Qaçqınlar üzrə Agentliyi vasitəsi ilə Azəraycana humanitar dəstəyini davam etdirib. Ötən il olduğu kimi, bu il də “Fuji Optical Co. Ltd.” şirkəti Azərbaycana 3500 ədəd yüksək keyfiyyətli optik eynək göndərib. Yaponiyanın “Fuji Optical Co. Ltd.” şirkəti 2005-2019-cu illər ərzində Azərbaycanda görmə qabiliyyətinin müayinəsi üzrə 15 humanitar missiya həyata keçirib, 65 mindən artıq yüksək keyfiyyətli eynək ianə etməklə yanaşı, 33 mindən çox məcburi köçkün, qaçqın, sığınacaq axtaran və həssas durumda olan digər insanlar üçün göz müayinələri təşkil edib. Bu müddət ərzində şirkət doktor Akio Kanainin rəhbərliyi altında Azərbaycana etdiyi humanitar missiyaların reallaşdırılması üçün 3 milyon ABŞ dollarından artıq vəsait xərcləyib”.

“BMT-nin Qaçqınlar üzrə Agentliyi bütün dünyada qaçqınların himayəsi və onlar üçün həll yollarının tapılması məqsədi ilə yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində beynəlxalq fəaliyyətlərə rəhbərlik etmək və onları koordinasiya etmək səlahiyyətinə malikdir. Qurum Azərbaycanda 1992-ci ilin dekabrından, ölkə kütləvi məcburi köçkün axını problemi ilə üzləşdiyi vaxtdan fəaliyyət göstərir”, – deyə məlumatda daha sonra bildirilib.

Mission News Theme by Compete Themes.