Son yeniləmə: 17 Noyabr 2022 08:56
BAYRAQDAR MEDİA – Noyabrın 16-da İsveçrənin paytaxtı Bern şəhərində Zəfər, Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş Günlərinə həsr olunmuş rəsmi qəbul və konsert proqramı təşkil edilib.
Xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 17-də Azərbaycanın İsveçrədəki səfirliyindən veriblər.
“Səfir Fuad İsgəndərov tədbirin rəsmi açılış hissəsində qonaqları salamlamış, Azərbaycan Respublikasının bu bayram günlərinin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat vermiş, Zəfərdən sonrakı dövrdə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə söhbət açmış, sülh danışıqlarının gedişatına diqqət yetirmişdir. Səfir bu danışıqların tarixdə ilk dəfə olaraq tərəflər arasında birbaşa, hər hansı bir kənar xarici vasitəçilərin iştirakı olmadan 2 oktyabr tarixində Cenevrədə təşkil edildiyi üçün İsveçrə hökumətinə dərin təşəkkürünü bildirmiş, sülh prosesinə süni çətinliklər yaratmağa çalışan bəzi qüvvələrin cəhdlərini pisləmişdir. Qonaqlara bildirilmişdir ki, Azərbaycanın sülh və yenidənqurma proseslərinə sadiq qalması Güney Qafqazın sabit və təhlükəsiz inkişafına təkan verməklə regionu Avropa və Asiyanı möhkəm tellərlə birləşdirən məkana çevirir”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “tədbir rəsmi açılış hissəsindən sonra konsert proqramı ilə davam etdirilmişdir. Proqramın əvvəlində İsveçrədə qaçqın kimi müvəqqəti məskunlaşmış Azərbaycan əsilli Ukrayna vətəndaşları Elnurə və Əminə Səfərova bacıları, digər yeniyetmələrdən ibarət rəqs qrupu Azərbaycanın milli rəqs nümunələrini ifa etmişdir”.
“Proqram Sürix Ali İncəsənət Məktəbinin magistr pilləsində təhsil alan Azərbaycanlı skripkaçı Cəmilə Qarayusiflinin başçılıq etdiyi, İsveçrəli musiqiçilərdən ibarət “Trio Areal” üçlüyünün çıxışı ilə davam etmiş, dünya şöhrətli azərbaycanlı və xarici bəstəkarlarının klassik əsərləri ifa olunmuşdur.” Bu sözlər də xəbərdə yer alır.
Xəbərdə o da bildirilir ki, “tədbirdə başda Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyasının İsveçrədən olan həmsədri Ervin Bollinger, Xarici İşlər Federal Departamenti Dövlət Katibinin müavini Anna İfkoviç olmaqla İsveçrənin yüksək səviyyəli rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diaspora nümayəndələri, İsveçrənin ictimaiyyəti və mətbuat nümayəndələri iştirak etmişdir”.
“Çıxışlar, konsert proqramı, həmçinin verilən rəsmi qəbul yüzlərlə iştirakçı və tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanmış və İsveçrə cəmiyyətində böyük əks səda doğurmuşdur. Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olunmuşdur.” Xəbər bu sözlərlə bitir.
https://twitter.com/fuad_isgandarov/status/1593026636076941313?s=20&t=BBvVOsG9VjpF4qm7X0Q5lg