BAYRAQDAR MEDİA – “Fransa heç vaxt beynəlxalq hüquq normalarına əməl etmir”.
Bunu Fransa Senatının qəbul etdiyi məlum bədnam qətnaməni dəyərləndirən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
BAYRAQDAR MEDİA-ya açıqlmasında o, Fransa Senatının bu qətnaməsini bu dövlətin riyakar siyasətinin nəticəsi kimi dəyərləndirib: “Fransa uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərdi. Bu fəaliyyətin nəticəsi o oldu ki, Qarabağda separatçılar bir qədər də həvəsləndi. Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Amma Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərmədi. Əksinə, Ermənistanın təcavüzkar siyasətinin davam etməsi üçün bu ölkəyə siyasi-diplomatik, iqtisadi yardım göstərdi”.
E.Həsənlinin sözlərinə görə, Fransa ötən 30 ilə yaxın müddətdə münaqişənin həll edilməməsi üçün nə mümkündürsə edib: “Fransa bütün gücü ilə çalışdı ki, münaqişə həll edilməsin. Müxtəlif vaxtlarda münaqişənin həll edilməsi üçün real imkanlar olanda Fransa bu imkanların puça çıxması üçün əlindən gələni etdi. Son illərdə, E.Makron hakimiyyəti dövründə də Fransa Azərbaycana, beynəlxalq hüquq normalarına qarşı həddindən artıq riyakar, ikiüzlü siyasət yeridib. Son qətnamə də bu riyakar siyasətin nəticəsidir. Ondan öncə də bu dövlət erməni işğalını, erməni terrorunu dəstəkləyib, Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərib”.
O da qeyd olunub ki, bütün bu cəhdlər əbəsdir: “Bu cür addımlar elə Ermənistana, ermənilərin özlərinə zərər verir. Bu dəfə də belə olacaq. Qarabağda da, Ermənistanda da yaşayan ermənilər Fransa kimi dövlətlərin hüquqazidd, riyakarlığına inanaraq əvvəlki kimi ağılsız əməllərini davam etdirəcəklərsə Ermənistanın mövcudluğu sual altına düşəcək. Ermənistanın bircə nicat yolu var: Türkiyə və Azərbaycanla normal münasibətlər yaratmaq. Necə ki, uzun müddətdir Fransaya, Rusiyaya, İrana və digər dövlətlərə ümid olaraq burada işğal siyasətlərini davam etdirəcəklərinə ümid edirdilər, lakin Azərbaycan Ordusu onlara qətiyyətli cavab verdi. Bundan sonra da bu cür xam xəyalları davam etdirmək istəsələr Azərbaycan Ordusu, Azərbaycan dövləti onlara gərəkən növbəti zərbəni vuracaq. Bu dəfəki zərbə, dəmir yumruq əvvəlkilərdən daha ağır və sərt olacaq”.