Press "Enter" to skip to content

Azərbaycan Milli İncəsənət Muzeyi Krımın işğalçıları ilə…

Xədicə Əsədovanın sertifikatı

Son yeniləmə: 17 Noyabr 2022 10:55

BAYRAQDAR MEDİA – Hazırda Rusiyanın işğalı altında olan Ukrayna torpağı – Krımın Ağməscid – Simferopol şəhərində işğalçı ruslar 27-28 oktyabr günlərində “elmi konfrans” keçirib. “Krım dialoqları: mədəniyyət, incəsənət və təhsil” adlı “konfrans”da nə yazıq ki, Azərbaycandan da iştirakçı olub. Bu, Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədovadır.

Sosial mediada yayılan xəbərlərdən bəlli olur ki, X.Əsədova bu “konfrans”da iştirak etdiyi üçün sertifikat da alıb. Amma işin ən pis tərəfi odur ki, “sertifikat”ın üzərində Azərbaycan Milli İncəsənət Muzeyinin də logosu və adı var. Belə anlaşılır ki, Muzey də işğal altındakı Krımda bu tədbirin təşkilatçılarındandır…

Məsələ sosial mediada özəlliklə də Ukrayna tərəfinin ciddi və haqlı tənqidlərinə məruz qalıb. Təbii ki, biz də buna biganə qala bilməzdik və kiçik araşdırma apardıq. Az sonra qarşımıza Muzeyin belə bir açıqlaması çıxdı: “Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyi rəsmi şəkildə bəyan edir ki, qurum qeyd olunan tədbirin təşkilatçılarından biri deyil. Konfransın təşkilatçıları nə yazılı, nə də şifahi şəkildə Azərbaycan Milli İncəsənət Muzeyinə onun əməkdaşlarının bu konfransda iştirakı üçün müraciət etməyib. Yəni xanım X.Əsədova sözügedən konfransda iştirak edərək Muzeyimizi təmsil etmək üçün vəzifələndirilməyib. Eyni zamanda qeyd etmək istərdik ki, sertifikat üzərində Muzeyin loqosundan istifadə qurumun rəhbərliyinin icazəsi olmadan gerçəkləşdirilib. Əlavə olaraq sizin nəzərinizə çatdırırıq ki, Azərbaycan Milli İncəsənət Muzeyi Ukraynanın ərazi bütövlüyü ilə bağlı Prezidentimiz İlham Əliyevin və dövlətimizin siyasətini dəstəkləyir!”

Maraqlı açıqlamadır. İnanmamaq üçün səbəbimiz də yoxdur. Lakin qaranlıq qalan bu Xədicə Əsədovanın məsələyə aydınlıq gətirməməsidir. (Hələ nəzərə alaq ki, Muzey onun o tədbirdə iştirak etmədiyini də bildirmir.) Əgər o, doğrudan da həmin “konfrans”da bu şəkildə iştirak edibsə, əlbəttə ki, ən azından Muzeydəki işindən uzaqlaşdırılmalıdır. Həm də əlavə şəkildə cəzalandırılmaqla. Yox, əgər iştirak etməyibsə, ona aydınlıq gətirməlidir. Ümid edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi ictimaiyyəti bu məsələylə bağlı ən qısa zamanda bilgiləndirəcək.

X.Əsədova haqqında bilgi üçün internetdə qarşımıza çıxan bir videonu da əlavə edirik.

Mission News Theme by Compete Themes.