Press "Enter" to skip to content

Ailə dəyərlərinin önəmi müzakirə edilib – TƏRTƏRDƏ

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” adlı layihə çərçivəsində Tərtər rayonunda tədbir keçirib. Tədbir Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının qərargahında təşkil edilib. Qeyd edilən layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 17-də sözügedən Birlikdən veriblər.

“Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, İcra Hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, məktəb, xəstəxana və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər”, – deyə xəbərdə bildirilir.

ADPU-da ailə dəyərləri müzakirə edilib

Qeyd edilir ki, təşkilatın sədri və layihə rəhbəri Lamiyə İsazadə açılış çıxışında layihənin donoru və məqsədi haqqında iştirakçıları məlumatlandırıb. O, layihənin gənclərin milli-mənəvi dəyərlərlə tərbiyə olunması, milli dəyərlərə bağlılıq, böyüklərə hörmət və digər milli dəyərlər işığında maarifləndirilməsini nəzərdə tutduğunu diqqətə çatdırıb.

L.İsazadə qeyd edib ki, “Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaf və xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu problemləri görməyən və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürməsi sual altındadır. Milli-mənəvi dəyərlərdən hər gün birinin qloballaşmanın pəncələrinə qurban edildiyi, sıradan çıxdığı dövrdə ailə mühitində yaşanan korlanma zamanla cəmiyyətin bütün seqmentinə yayılır”.

Natiq daha sonra əlavə edib ki, “sədaqət, ədalət, şəfqət, sevgi və mərhəmət hissləri itdikcə, fərdlərin bir yerdə sülh, əmin-amanlıq və hörmət içində yaşamaları da mümkün olmur. Belə olduğu şəraitdə, ana- ata keçmişə nisbətdə uşaq təhsilində və millətini təmsil etdiyi mövqedə daha çox məsuliyyət hiss etməyə məcburdur. Ailə təşkilatının cəmiyyətin ən təsirli formalaşdırıcı mövqeyinə yüksəlməsi səbəbi ilə ailənin bu məsuliyyətli vəzifəni icra etməsi hər zamankından daha çox əhəmiyyət kəsb edir. Bu gün uzunömürlu, sağlam ailə modeli hazırlaya bilməyən, gender məsələsini “çözərək” qadınlarını karyerist edən Avropa, indi onları ailəyə bağlaya bilmir. Bu gün gənclərimizin Avropaya inteqrasiyası da ailə dəyərlərimizə, milli-mənəvi dəyərlərə bağlılığımıza mənfi təsir göstərir. Azərbaycanda ailə dəyərləri – sağlam ailə mühitinin yaradılması və onun qorunub saxlanması üçün lazımlı, əhəmiyyətli hesab edilən məfhumlar toplusudur. Ailə mədəniyyəti isə ailə üzvlərinin bir-birinə hörmət etməsi, qarşılıqlı etimad göstərməsi, bir-birinin qayğısına qalmağı bacarmaq, səhvini bağışlamaq, ailə dəyərlərinə riayət etmək ilə bağlı məsuliyyət daşımaqdan ibarətdir”.

Tədbirdə çıxış edən Rəqsanə Məmmədli də ailə dəyərləri haqqında fikirlərini söyləyib: “Cəmiyyətin inkişafını şəxsiyyət kimi normal formalaşmış insanların fəaliyyəti, şəxsiyyətin normal formalaşmasını isə normal ailə mühiti təmin edir. Bu baxımdan ailənin bütövlüyü və möhkəmliyini şərtləndirən amillərin təmin edilməsi cəmiyyəti maraqlandıran ən aktual və qlobal problemlərdən hesab edilir. Ailənin yaşaması, ayaqda durması üçün iqtisadi dayaq və digər funksiyaların icrası önəmli olsa da, nəzərə almaq lazımdır ki, bu faktorlar mənəvi faktorları əvəz edə bilməz. Çünki maddi faktorlar tükənəndir, mənəviyyat isə zaman keçdikcə zənginləşir, təkmilləşir, ailə bərkə-boşa düşdükcə mənəvi bağlar daha da möhkəmlənir, etibar qazanır. Hər bir ailə mənsub olduğu xalqın, millətin milli-mənəvi dəyərləri haqqında müəyyən təsəvvürlər formalaşdırır. Çünki ailə öz xalqının milli-mənəvi dəyərlərini həm daşıyır, həm də təbliğ edir”.

Tədbirin digər iştirakçıları da ailə dəyərləri mövzusunda çıxış edərək öz fikirlərini səsləndirib, geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, üç aylıq layihə çərçivəsində keçirilən ailə dəyərləri mövzusundakı tədbirlər Bakı, Xaçmaz və Tərtər bölgələrini əhatə edir. Tərtər rayonunda təşkil olunan tədbir isə layihənin sonuncu tədbiri idi. Layihə 01 dekabr tarixində yekunlaşacaq.

Xaçmazda ailə dəyərlərinə həsr edilmiş tədbir – FOTOLAR

Mission News Theme by Compete Themes.