Son yeniləmə: 16 Noyabr 2022 10:02
Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri
BAYRAQDAR MEDİA – Mən Fransa haqqında ilk dəfə “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyasına baxanda eşitmişdim. Həmin vaxt televizorda bu komediyanın tamaşa variantını verirdilər. Daha sonra isə bu komediyanın film variantına da baxa bildik. Düzünü desəm, elə o vaxtdan bu fransızdan, yəni Qarabağda gül-çiçək axtaran Müsyö Jordandan xoşum gəlməmişdi. Bilmirəm niyə, amma bir az mənə tülkü xislətli adam təsiri bağışlamışdı. Xüsusilə də onun gənc Şahbaz bəyi Fransaya getməyə razı salmaq üçün əl atdığı fəndlər nəsə mənə xoş gəlməmişdi.
Ondan sonra illər bir-birini əvəz etdi. Və ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəlində biz Fransanın adını daha çox eşitməyə başladıq – topraqlarımıza göz dikən ermənilərin əsas hamilərindən biri kimi. Ötən zaman kəsiyində bir an belə ermənilərin, daha doğrusu, işğalçı Ermənistanın yanından əl çəkməyən Fransa sonra da özünü ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına da dürtüşdürə bildi.
Bu bədnam qrupun mövcud olduğu müddətdə ancaq Ermənistanın işğalçılığına göz yummaq, cinayətkar əməllərini görməzdən gəlməkdən başqa işi olmadı. Hə, bir də, bu qrup üçlük ölkələrin təmsilçilərinin tez-tez dəyişməsi və regiona edilən turistsayağı səfərlər ilə yadda qaldı.
Azərbaycan uzun illər dözdü, sülhpərvər siyasətinə sadiq qaldı və ümid etdi. Ümid etdi ki, bəlkə Qərb ölkələri nə zamansa Ermənistana dur deməyə, işğalçı ölkədən BMT-nin məlum qətnamələrinin icrasını tələb etməyə özlərində güc tapacaqlar. Lakin olmadı. Nəticədə də iki il öncə Ermənistanın növbəti genişmiqyaslı təxribatına cavab olaraq Vətən müharibəsinə başladıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni darmadağın etdi.
Beləliklə, 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan ordusu illərdir icra edilməyən BMT qətnamələrinin də icrasını təmin etmiş oldu. Bu qələbə regionda yeni reallıqlar yaratdı. Elə ATƏT-nin Minsk Qrupunun daha lazımsız bir təsisat olması da bu reallıqlardan biri idi.
Lakin nə edək ki, Fransa bunu hələ də qəbul etməkdə güclük çəkir. Fransanın siyasətçiləri rejissor Vaqif Mustafayevin çəkdiyi “Fransız” filmindəki (bu film birbaşa Fransaya aid olmasa da) meyxanada deyildiyi kimi, bizim kimi insan olmaq istəmir. Yəni uzun illər dünyanın müxtəlif yerlərində müstəmləkəçilik, qan, müharibə, soyqırımlar ilə ad çıxaran Fransa bu gün Qafqazda qanın axıdılmasının tamamilə durdurulmasını həzm edə bilmir.
Əslində onları qınamaq olmaz. O mənada ki, elə bil, siyasi vampirlik onlarda gendən gəlmədir. Bu ölkə dünyada sülhdən, sabitlikdən, inkişafdan deyil, müharibədən, günahsız qanların axıdılmasından qidalanır sanki. Elə ona görə də Fransanın tarixində Əlcəzair ləkəsi var. Elə ona görə də Fransa Qafqazda müharibənin bir daha baş qaldırması üçün bütün yollara, bəd əməllərə baş vurur. Elə ona görə də Fransa bu gün regionda sülh və inkişaf üçün çalışan Azərbaycanın deyil, xəmiri terror, soyqırımlarla yoğrulan kiçik bacısı Ermənistanın yanında yer alıb.
Elə Fransa Senatında noyabrın 15-də qəbul edilən bədnam qətnamə də öz ruhunu müharibə tanrısına satmış Fransa siyasətçilərinin Ermənistanı yenidən müharibəyə sövq etmək istəyindən irəli gəlir.
Yəni bəzən deyirlər ki, bu qərarlarda oradakı ermənilərin təsiri olur. Amma məncə bu bir bəhanədir. Sadəcə dediyimiz kimi, qan tökmək, qan tökməyə sövq etmək artıq Fransadakı siyasətçilərdə gendən gəlmədir. Amma nə edirlərsə etsinlər, Azərbaycanı öz yolundan döndərə bilməyəcəklər. Cənab Prezidentin bəyan etdiyi kimi, “Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”.
Banlamaqdan söz düşmüşkən, yazımızı məhz bu məqamla tamamlamaq istəyirik. Bizim kənddə deyirlər ki, vaxtsız banlayan xoruzu tez kəsmək lazımdır. Yəni ki, susdurmaq. Çünki vaxtsız banlayan xoruz ətrafına xeyir gətirməz, şər, yas gətirər.
İndi simvolları xoruz olanların bədnam qətnaməsi də həmin vaxtsız banlayan xoruzun hərəkətini xatırladır. Özü də bunlar bir qədər də irəli gedib, digər Avropa ölkələrini də Azərbaycan əleyhinə kampaniyaya qoşulmağa səsləyirlər. Amma çətin ki, Avropanın ağıllı başları bu fransız avantürasına gedə. Çünki bu gün Avropadakılara Fransanın erməni sevgisi deyil, soyuq qışı necə keçirəcəkləri maraqlıdır. Hər hansı avantüraya baş vurmaq isə qışda onları qazsız qoya bilər. Deməli ki, Avropa nə qədər gec deyil, bu regiona bədlik gətirmək istəyən o xoruzu kəsməli, yəni susdurmaldır!