Son yeniləmə: 16 Noyabr 2022 11:39
Vüqar Bayramov: Bu fond dövlətlərin bir-birinin ərazisində fərqli sahələrə sərmayə qoymasına yardım edəcək, bu sahəni təşviq edəcək
BAYRAQDAR MEDİA – “Türk dünyasının birləşməsi, inteqrasiyanın daha da dərinləşməsi müşahidə olunur. Əslində, son iki ildə türk dövlətləri arasındakı əlaqələrin inkişafı tarixi baxımdan ciddi bir hadisədir. Çünki tarixən türk dövlətləri bu qədər bir-birilərinə yaxın olmayıblar”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü bir çox qərarların qəbulu baxımından tarixə düşdü: “Bu kontekstdə Türk İnvestisiya Fondunun yaradılması xüsusi önəm kəsb edir. O mənada ki, bu fond türk dövlətlərində vacib sahələrə sərmayələrin cəlb edilməsi baxımından önəmlidir. Bu fond dövlətlərin bir-birinin ərazisində fərqli sahələrə sərmayə qoymasına yardım edəcək, bu sahəni təşviq edəcək”.
Millət vəkili deyib ki, türk dünyasının investisiya imkanları kifayət qədər çoxdur: “Fondun fəaliyyəti ölkələrin sərmayə qoymaq imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş Azərbaycan torpaqlarına da digər türk dövlətlərindən daha çox investisiya cəlb edilməsinə imkan verəcək. O baxımdan yeni fondun yaradılması və əlaqələrin inkişafı türk dövlətlərinin iqtisadi baxımdan daha da inkişafına stimul yaradacaq”.