Press "Enter" to skip to content

Deputat: İran müsəlman təəssübkeşliyindən tamamilə uzaqdır

Vüqar İskəndərov

Son yeniləmə: 16 Noyabr 2022 13:26

Vüqar İskəndərov: İran bölgədə əbədi sülh və sabitliyin əldə olunmaması üçün dəridən-qabıqdan çıxır

BAYRAQDAR MEDİA – “Azərbaycan hər zaman regionda və dünyada sülh, sabitlik və inkişaf üçün çalışıb. Ölkəmiz bu siyasətə o qədər sadiqdir ki, hətta iki il öncə 44 günlük Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq regionun sabitliyi və inkişafı üçün növbəti təşəbbüslərlə çıxış etdi. Özü də bu zaman region ölkələrinin hamısının, hətta Ermənistanın da bu prosesdə iştirakına etiraz etmədi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

İran Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün bütün vasitələrə əl atır

Deputat qeyd edib ki, bizimlə qonşu olan ölkələrin də bu xoşməramlı addıma müsbət cavab verəcəyini gözləmək olardı: “Lakin təəssüflər olsun ki, İranın timsalında biz bunun əksini gördük. İran bölgədə əbədi sülh və sabitliyin əldə olunmaması üçün dəridən-qabıqdan çıxır. 30 il müddətində bir yandan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verən İran öz xislətinə sadiq qalmaqdadır. Bu ölkə indi də Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün bütün vasitələrə əl atır”.

İran müsəlman təəssübkeşliyindən tamamilə uzaqdır

V.İskəndərovun sözlərinə görə, əslində, həm işğal dövründə, həm Vətən müharibəsi günlərində, həm də müharibədən sonrakı dövrdə sərgilənən mövqe İranın qeyri-səmimi, riyakar siyasət yürütdüyünü bütün dünyaya nümayiş etdirdi: “Biz bu riyakarlığı dinə münasibətdə, daha doğrusu müsəlmanlara yanaşmada da gördük və hazırda da görürük. Elə təəssürat yaradılır ki, “qüdrətli İran dövləti” İslam təəssübkeşliyi göstərir, müsəlman dünyasını təhdidlərdən qoruyur, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyndə həmrəylik formalaşdırıb imperialist işğala qarşı dayanır. Reallıqda isə bunun əksini görürük. Reallıq budur ki, İran müsəlman təəssübkeşliyindən tamamilə uzaqdır”.

İran bütün cəbhələrdə Azərbaycana qarşı düşmən münasibət sərgiləyir

Deputat bildirib ki, bu gün İran demək olar ki, bütün cəbhələrdə Azərbaycana qarşı düşmən münasibət sərgiləyir: “Məhz İranın təsiri ilə Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, bu ölkə Azərbaycanda dini və milli düşmənlik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Digər tərəfdən, İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha hər şeyi gün üzünə çıxarır. İran sözdə bizə dost desə də faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycana nüfuz etmək, vətəndaşlar arasında bölücülük yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləndirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkənin xarici siyasətinin əsas xüsusiyyətləridir”.

Məgər müsəlman da müsəlmana zülm edər?

V.İskəndərov sonda İranın mövcud rejiminə bir şeyi də xatırladıb: “Əgər həqiqətən də haqq-ədalət, İslam tərəfdarısınızsa, onda İran daxilində olan Güney Azərbaycanlıların öz ana dilində oxumaq haqqını tanıyın. Onların hüquqlarını kobudcasına pozmayın. Axı onlar da müsəlmandır. Məgər müsəlman da müsəlmana zülm edər? Niyə bir müsəlman ölkəsində, özü də İslamın keşiyində durduğunu iddia edən bir ölkədə müsəlman azərbaycanlı əhali hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib? İranda bunu yaxşı-yaxşı düşünsünlər və bilsinlər ki, biz öz güneyli bacı-qardaşlarımızın vəziyyətini yaxından izləyirik. Cənab Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bəyan etdiyi kimi, “əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlarından məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir”. Cənab Prezident həmin çıxışında həmçinin, “biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik” deyə bəyan edib”.

Mission News Theme by Compete Themes.