Press "Enter" to skip to content

Fransadan beynəlxalq vasitəçi çixmaz

Yeganə Hacıyeva

Son yeniləmə: 16 Noyabr 2022 11:28

Yeganə Hacıyeva: Fransanın beynəlxalq nizamlayıcı ünvan kimi proseslərdə iştirakı qəbuledilməz və mümkünsuzdür

BAYRAQDAR MEDİA – “Fransanın ermənipərəst bir ölkə olmasının bir neçə vacib əsası var. Burada  çoxsaylı etnik erməni vətəndaş, onların geniş lobbi qrupu mövcuddur. Hətta Fransanın bəzi bölgələrində seçki nəticələrinə həlledici təsir edən, ölkə mediasında fikrin formalaşdırılmasında iştirak edən, o cümlədən qanunverici orqanlarda ermənilərdən ibarət siyasi qruplar, hüquq-mühafizə orqanlarında etnik ermənilərdən ibarət şəbəkə və həmçinin, Fransa daxili siyasətinə təsir gücünə malik bələdiyyə strukturlarında kifayət qədər geniş erməni şəbəkəsi mövcuddur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Varlı ermənilər maliyyə hesabına Fransada fikir formalaşdıra bilirlər

Onun sözlərinə görə, etnik ermənilərin sıx yaşadığı Marsel Fransanın bahalı turizm şəhəridir: “Ümumiyyətlə, varlı ermənilər maliyyə hesabına Fransada fikir formalaşdıra bilirlər. Bu və digər səbəblərdən erməni lobbisinin Fransa qanunverici orqanları adından Azərbaycana hücumları, böhtan kampaniyaları mütəmadi xarakter alıb”.

Senat hansısa ölkə ilə münasibətləri necə qurmaq barədə göstəriş verəcək qurum deyil

Fransa Senatının məlum bədnam qətnaməsini dəyərləndirən Y.Hacıyeva deyib: “Fransa Senatı hansısa başqa dövlətə sanksiya tətbiq edəcək, yaxud hansısa məhdudiyyəti müzakirə edəcək qurum deyil. Amma bunu tövsiyə edə bilər və edir. Fransa Senatı daxili qanunvericilikdə öz vətəndaşları üçün nəyisə müsbətə dəyişmək yönündə ideyalar, layihələr təklif edə bilər. Lakin heç Fransa XİN-ə də hansısa ölkə ilə münasibətləri necə qurmaq barədə göstəriş verəcək qurum deyil. Onu da qeyd edim ki, sənəd “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsinə dair qətnamə layihəsi” adlansa da mahiyyəti tam fərqlidir”.

Manipulyasiya və təhrif elementi

Bildirilib ki, qətnamənin istinad hüquqi baza sənədləri kimi göstərilən bir neçə müqavilə, saziş və konvensiya ilə təqdim edilməsi ümumiyyətlə manipulyasiya və təhrif elementidir: “Məsələn, qətnamənin təqdimatında baza sənəd kimi göstərilən 4 aprel 1949-cu il tarixli Quzey Atlantika müqaviləsinin nə bu mövzuya, nə də qətnamədə adı keçən tərəflərə aidiyyəti yoxdur. Digər tərəfdən, “Dağlıq Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyi və azadlığının Azərbaycan Respublikası tərəfindən təmin edilmədiyini” iddia etmək ümumiyyətlə yalandır. Çünki ermənilər Rusiyanın onları Azərbaycan ərazilərinə köçürməsindən sonra həmişə rahat, azad və firavan yaşayıblar. Həmçinin, BMT Təhlükəsizlik Şurasının ona sədrlik edən Fransanın müraciəti əsasında keçirilən fövqəladə iclasında guya ki, beynəlxalq ictimaiyyətin qınağının olduğu iddia edilir ki, bu da ağ yalandır. Çünki o iclasda BMT Nizamnaməsinin 51-ci bəndinə istinadən tərəflərin, yəni Azərbaycanın öz sərhədləri çərçivəsində legitim müdafiə haqqı tanındı. “Azərbaycanın və onun müttəfiqlərinin qüvvələrinin dərhal və qeyd-şərtsiz Ermənistanın suveren ərazisindən çıxmasına çağırış” bəndi isə ümumiyyətlə göyə atılmış daşdır. Çünki belə bir hal yoxdur”.

Y.Haciyeva deyib ki, “Azərbaycan hakimiyyəti və onun regiondakı tərəfdaşları, xüsusilə Türkiyə tərəfindən, gələcəkdə beynəlxalq öhdəliklərinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmət edilməsini tələb edir” bəndi isə ümumiyyətlə yersizdir: “Çünki Türkiyə onsuz da Ermənistanın ərazi bütövlüyünü hələ ötən əsrin 90-cı illərindən tanıyıb. Ermənistan isə Türkiyədən ərazi iddiasındadır. Ümumuyyətlə isə, Fransa Senatı Fransa dövlətinin deyil, erməni iddialarının marağına xidmət edir. Bu məqamda onu da xatırlatmaq istəyirəm ki, xarici siyasət üzrə Fransanın məşhur siyasətçisi, deputat Jerom Lamber hələ keçən il, Fransa xalqının maraqlarının bır qrup erməninin girovuna çevrilməsinə etiraz etmişdi”.

Bu ölkə prosesdən kənarlaşdırılmalıdır

“Bir sözlə, Fransa höküməti beynəlxalq hüquqa məhəl qoymadan daim millətçi çıxışlar edən ermənilər tərəfindən ələ keçirilib. Fransa layiqli diplomatik mövqe tutmaq istəyirsə, siyasətdə kök salmış erməni qrupunun diktə etdiyi nöqteyi-nəzərləri qəbul etməməlidir. Əgər atəşkəs istəmiriksə, onun yerinə nə istəyirik?! Əbədi müharibə? Bu tövsiyə xarakterli qətnamə də Fransa Senatında xalqın maraqlarının bir ovuc lobbi qrupunun əsiri olmasının növbəti nümayişidir. Bu halda isə Fransanın beynəlxalq nizamlayıcı ünvan kimi proseslərdə iştirakı qəbuledilməz və mümkünsuzdür. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipini pozan qərəzli və ədalətsiz qətnamə qəbul etməklə bir daha beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar etinasızlıq nümayiş etdirən Fransadan beynəlxalq vasitəçi çixmaz və bu ölkə prosesdən kənarlaşdırılmalıdır”.

Mission News Theme by Compete Themes.