Son yeniləmə: 16 Noyabr 2022 09:49
BAYRAQDAR MEDİA – “Əgər Fransa Prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticə ilə üzləşəcəklər”.
Bunu Fransa Senatının məlum bədnam qətnaməsini BAYRAQDAR MEDİA üçün dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq hesab edir ki, Fransa Senatının qətnaməsi Ermənistanın Baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır: “Şübhə etmirəm ki, N.Paşinyan, Ermənistandakı siyasi partiyalar və Qarabağdakı erməni separatçıları Fransa Senatına təbrik məktubları göndərəcəklər”.
E.Şahinoğlu bildirib ki, əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi”: “Bu qətnamə ilə Fransa Senatı sanki N.Paşinyana “Əsla Qarabağın müstəqilliyindən vaz keçmə” mesajını göndərmiş oldu”.
Politoloq bildirib ki, Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək: “Düşünürəm ki, Fransa Prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər. Ancaq hər zaman həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaqlar”.