Son yeniləmə: 16 Noyabr 2022 12:31
Mahmud Bilgin: Əgər Qərbin İranın gələcəyi ilə bağlı hansısa planı varsa, mütləq Güney Azərbaycan faktorunu nəzərə almalıdır
BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı çox önəmli və tarixi bir çıxışdır. Mən bunu Azərbaycanın bütövləşməsi yolunda atılan mühüm addım kimi dəyərləndirirəm. Mən həm öz adımdan, həm də təmsil olunduğum partiya adından bu çıxışa görə cənab Prezident İlham Əliyevə minnətdarlıq edirəm”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.
Onun sözlərinə görə, bu gün atılan addımlar, Güney Azərbaycan türklərinin haqlarının dilə gətirilməsi indiyə kimi keçilən yolun bir nəticəsidir: “İki il öncə 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə Azərbaycan Ordusu tarixi zəfər əldə etdi. Bu müharibə zamanı həm də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığı bir daha bütün dünyaya nümayiş etdirildi. Lakin İran necə ki, bu müharibə zamanı Ermənistanın yanında yer aldı, eyni ilə müharibədən sonra da düşmən ölkəni dəstəkləməkdə davam edir. Bu azmış kimi, İran rejimi Güney Azərbaycanlılara qarşı təzyiqləri davam etdirir. Və cənab Prezdent İlham Əliyev də Səmərqənddəki çıxışında haqlı olaraq Güney Azərbaycanlıların hüquqları məsələsini gündəmə gətirdi. Bununla paralel olaraq Azərbaycanda bütün media orqanları Güney Azərbaycan məsələsini ön plana çıxarıblar. Bu bizi çox sevindirir və qürurlandırır”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu çıxışı Güney Azərbaycanlılarda bir güvən yaradıb: “Öz növbəsində Güney Azərbaycan Milli Hərəkatı da yenidən ayağa qalxdı. Daha yalqız olmadığımızı gördük. Özü də Milli Hərəkatın əsas istək və hədəflərini cənab Prezident öz çıxışında vurğuladı. Milli dilimizin, mədəniyyətimizin, ən əsası isə azadlığımız və milli təhlükəsizliyimizin Azərbaycan dövlətinin xüsusi diqqətində olması Güney Azərbaycan Milli Hərəkatında və onun siyasi təşkilatlarında geniş əks-səda doğurmuşdur”.
Bildirilib ki, bu gün fars-molla rejiminə qarşı ayağa qalxan İranda yaşayan bütün millətlər arasında Güney Azərbaycan türkləri müsbət mənada fərqlənir: “Biz artıq bir addım öndəyik. Bu irəlidə olmaq imkanı da məhz cənab Prezidentin və Azərbaycan dövlətinin bizə birmənalı dəstəyi nəticəsində əldə edilib. Bununla yanaşı bu çıxış Güney Azərbaycanın təhlükəsizliyinə qarşı addım atmaq istəyən fars şovinizmi və kürd təşkilatlarına da bir mesaj oldu. Onlar bildilər ki, Güney Azərbaycan tək deyil”.
M.Bilgin bildirib ki, bu çıxışın məhz Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündə edilməsi də xüsusi önəm kəsb edir: “Bu önəm ondan ibarətdir ki, artıq türk dünyası səviyyəsində də Güney Azərbaycan məsələsi gündəmə gətirilib. Türk dünyası Güney Azərbaycanın üzləşdiyi təzyiq və problemlərdən məlumatlıdır və bu problemin həllinə yardım göstərməyə hazırdır. Bu həm də regional və beynəlxalq yanaşma baxımından da önəm kəsb edir. Yəni beynəlxalq aləm gördü ki, türk dünyası Güney Azərbaycanın yanındadır. Əgər Qərbin İranın gələcəyi ilə bağlı hansısa planı varsa, mütləq Güney Azərbaycan faktorunu nəzərə almalıdır”.