BAYRAQDAR MEDİA – Noyabrın 16-da ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini xatırladıb. E.Blinken ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, İ.Əliyev E.Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb: “Bununla belə, dövlətimizin başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir”.
E.Blinken iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanın olduğunu qeyd edib. O, eyni zamanda bildirib ki, ABŞ bu istiqamətdə səylərini davam etdirəcək.
“Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.” Xəbər bu sözlərlə bitir.
E.Blinken də öz növbəsində Prezident İ.Əliyevlə telefon danışığı haqqında sosial mediada paylaşım edib.
I urged President Aliyev to maintain momentum of the peace negotiations between Azerbaijan and Armenia following the foreign ministers’ talks in Washington on November 7. The United States remains committed to supporting these efforts.
— Secretary Antony Blinken (@SecBlinken) November 16, 2022