Son yeniləmə: 15 Noyabr 2022 09:24
Oğuz Türk: Biz xoşbəxtik ki, dünya azərbaycanlılarının cənab İlham Əliyev kimi qətiyyətli milli lideri var
BAYRAQDAR MEDİA – “Güney Azərbaycan türkləri yüz ildən çoxdur ki, azadlıq və müstəqillik uğrunda mübarizə aparır. Bu yolda çoxlu qurbanlarımız olub. Amma Güney Azərbaycanlılar bir gün azad olacaqlarına inanıblar. Əminik ki, həmin gün artıq yetişib”.
Bunu hazırda Kanadada yaşayan Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma bölümünün məsulu Oğuz Türk deyib.
Onun sözlərinə görə, 1991-ci ildə Quzey Azərbaycan sovet-rus imperiyasından xilas olandan, Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edəndən sonra Güneydə azadlıq ümidləri daha da artıb: “Biz Azərbaycan Respublikasının kədərli günlərində kədərlənmiş, xoş günlərində sevinmişik. İki il öncə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər isə bizi min qat sevindirib. Həmin müharibə günlərində Güney Azərbaycanın bütün şəhərlərində öz dövlətimizlə – Azərbaycan Respublikası ilə həmrəylik aksiyaları keçirilib. Güney Azərbaycanlıların İranın Ermənistana hərbi yardım etməsinə mane olmaq üçün necə fədakarlıq göstərdikləri də hər kəsə bəllidir. Ən nəhayət, Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan zad edərək, Xudafərin üzərində yenidən üçrəngli bayrağımızı dalğalandırdığı an Güney Azərbaycan türklərinin necə qürur duyduqlarını da bütün dünya görüb”.
O, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı, xüsusilə də Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin ana dilində təhsil almaq imkanlarından məhrum olması ilə bağlı dediyi sözlərin tarixi əhəmiyyət kəsb etdiyini bildirib: “Əvvəla, bir Güney Azərbaycanlı olaraq özüm və təmsil olunduğum təşkilat adından cənab Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Təşəkkürlər, cənab Prezident! Biz xoşbəxtik ki, dünya azərbaycanlılarının cənab İlham Əliyev kimi qətiyyətli milli lideri var. İranın fars-molla rejiminin Güney Azərbaycan türklərinə qarşı necə bir təzyiq həyata keçirdiyi bəllidir. Güney Azərbaycan türkləri normal insan hüquqlarından belə məhrumdurlar. Fars-molla rejimi tərəfindən tariximiz təhrif olunur, mədəni abidələrimiz məhv edilir, sərvətlərimiz amansızcasına talan olunur. O cümlədən, cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti ana dilində təhsil almaq imkanlarından məhrumdur. Bu 40 milyonun mütləq əksəriyyəti isə indiki İran ərazisində, o cümlədən Güney Azərbaycanda yaşayır. Artıq bizim bu problemimiz cənab Prezident səviyyəsində, özü də beynəlxalq tədbirdə bütün dünyaya bəyan edildi”.
Oğuz Türk deyib ki, əslində, bu çıxış Güney Azərbaycan Milli Hərəkatında yeni bir mərhələnin başlanğıçına təkan verəcək: “Bu mərhələdə biz öz problemimizi bütün dünyaya, bütün beynəlxalq təşkilatlara çatdıracağıq. Bunun ilk addımını cənab İlham Əliyev atdı. Bundan sonra isə sıra bizdə, xaricdə yaşayan Güney Azərbaycanlılarda, o cümlədən Güney Azərbaycan təşkilatlarındadır. Hesab edirəm ki, Avropanın müxtəlif paytaxtlarında aksiyalar keçirməklə, müxtəlif dövlət qurumları, o cümlədən beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşməklə Güney Azərbaycan məsələsini bütün çılpaqlığı ilə onlara çatdırmalıyıq. Ən əsası isə Güney Azərbaycan Milli Hərəkatı təşkilatlanmanı daha da sürətləndirməli, daha doğrusu, yeni təşkilatlanma mərhələsinə qədəm qoymalıdır. Bir sözlə, vaxt itirmək olmaz”.
“Bu gün Güney Azərbaycanın azadlığı uğrunda uzun illər aparılan mübarizəni uğurlu sonluqla tamamlamaq üçün gözəl şərait yetişib. Biz bu şəraiti düzgün dəyərləndirməli, tez bir zamanda təşklatlanmalı və Güney Azərbaycan Cümhuriyyətini elan etməliyik”, – deyə müsahibimiz sonda əlavə edib.