Son yeniləmə: 15 Noyabr 2022 15:27
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən VI-VII sinif şagirdləri üçün imtahanlar keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 15-də qurumun mətbuta xidmətindən bildirilib.
Qeyd edilib ki, iki mərhələdən ibarət imtahanların təşkil olunmasının əsas məqsədi şagirdləri fənn olimpiadaları və fənn müsabiqələrinə hazırlamaq, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən məktəbliləri aşkar etməkdən ibarətdir: “İmtahanın 23 noyabr tarixində keçirilməsi nəzərdə tutulan I (məktəb) mərhələsində şagirdlər 80 dəqiqə vaxt ərzində 20-si riyaziyyat və 5-i məntiq olmaqla 25 sualdan ibarət test tapşırığını yerinə yetirəcəklər. İmtahanın sualları Azərbaycan dilində olacaq və rus bölməsində oxuyan şagirdlər də imtahanda iştirak edə bilər.
Məlumata əsasən, olimpiadanın BŞTİ tərəfindən təşkil olunacaq II mərhələsində isə şagird seçimi üçün hər sinif səviyyəsi üzrə say limiti müəyyən olunub. Say limiti bu cürdür. VI sinflər üzrə şagird sayı 100-ə qədər olan məktəblərdən 4 nəfər, 100-dən çox olan məktəblərdən 5 nəfər, VII sinflər üzrə şagird sayı 100-ə qədər olan məktəblərdən 4 nəfər, 100-dən çox olan məktəblərdən 5 nəfər.
Qeyd edilib ki, imtahanın II mərhələsi haqqında məlumatlar (sual sayı, keçiriləcək yer, imtahan tarixi və s) məktəblərə göndəriləcək: “II mərhələdə ən yüksək nəticə göstərmiş VI sinif üzrə 20, VII sinif üzrə 50 şagird seçilərək olimpiada hazırlığına (VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya, informatika və biologiya fənləri üzrə) cəlb olunacaq”.