Son yeniləmə: 15 Noyabr 2022 18:06
Vüqar Bayramov: Birləşmiş Ştatlarda son 40 ilin ən yüksək inflyasiyası qeydə alınıb
BAYRAQDAR MEDİA – “Ümumiyyətlə seçkilərdə iqtisadi faktorlar əsas amillərdəndir. Onu da unutmaq olmaz ki, Co Baydenin prezidentliyinin geridə qalan illərində ABŞ-da kifayət qədər yüksək inflyasiya müşahidə edilməkdədir. Bütövlükdə Birləşmiş Ştatlarda son 40 ilin ən yüksək inflyasiyası qeydə alınıb”.
Bunu ABŞ-da Konqresin Nümayəndələr Palatasına və Senata keçirilən seçkilər və iqtisadi amilin bu seçkilərdə oynadığı rol barədə BAYRAQDAR MEDİA-ya açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Hazırda ABŞ-da səfərdə olan və seçkilərin gedişini canlı izləmək imkanı qazanan V.Bayramovun sözlərinə görə, bütün hallarda qiymət artımları heç bir ölkə üçün arzuolunan deyil: “Ona görə də birmənalı şəkildə iqtisadi vəziyyətin seçkilərə təsiri oldu. Həm ştat, həm də federal səviyyədə seçkilərdə iqtisadi vəziyyət, o cümlədən istehlak bazarında qiymət artımları və digər faktorlar öz təsirini göstərdi. Biz seçki günü seçki məntəqələrində olduq. Seçkilərdən sonra məntəqələrdə nəticələrin incələnməsi kampaniyalarında iştirak etdik. Arkanzas ştatında həm Senat, həm də Nümayəndələr Palatasında görüşlərimiz oldu. Həmin görüşlərdə də vurğulandığı kimi, iqtisadi vəziyyətin bu seçkilərin nəticəsinə təsiri oldu”.