Son yeniləmə: 15 Noyabr 2022 13:27
BAYRAQDAR MEDİA – “Ümidim sənsən” İctimai Birliyinin icra etdiyi “Erkən nikah, erkən gəncliyin sonu” Cənub bölgəsində ictimai məsulliyətin artırılmasi maarifləndirmə tədbirlərinin təşkili” layihəsi uğurla yekunlaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb.
Məlumatda deyilir ki, layihə çərçivəsində Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” İctimai Birliyi bir sıra maraqlı tədbirlər həyata keçirib: “Layihə çərçivəsində əsas tədbirlər Masallı rayonunun, eləcə də, Lerik və Yardımlı rayonlarının ən ucqar kəndlərində keçirilib. Masallıda tədbir öncə rayonun ən ucqar kəndlərində – Qarğalıq, Qızılavar və Güllütəpə ərazilərində reallaşıb. Daha sonra isə Ərkivan qəsəbəsi, Qızılavar və Qəriblər kəndlərində də layihə çərçivəsində tədbirlər keçirilib”.
Qeyd edilib ki, növbəti tədbirlər Lerik rayonunun Züfüc və Yardımlı rayonunun Vərdəgüz kənlərində olub.
Öz növbəsində Fidan Abbaslı BAYRAQDAR MEDİA-ya açıqlamasında deyib ki, bütövlükdə 8 ərazidə keçirilən tədbirlərin hər birində 25-i yuxarı sinif şagirdi olan qızlar, 25-i valideynlər olmaqla (hər ərazidə 50 nəfər olmaqla) ümumilikdə 400 nəfər iştirak edib: “Ərazilərdə tədbirlər çay süfrəsi arxasında, müvafiq broşurlar paylanılmaqla, erkən nikahla bağlı video-çarxla nümayiş etdirilməklə keçirildi. Bu tədbirlər ərəfəsində hər məktəbdə qızlar arasında şifahi sorğu keçirdik. Tədbir keçirilmiş ərazilərdə qızların əksəriyyəti mütləq orta-ixtisas və ali təhsil almaqla təhsillərini davam etdirəcəklərini, heç bir halda erkən nikahla bağlı zərərli hala qol qoymayacaqlarını bildirdilər. Həm də maraqlıdır ki, ucqar dağ kəndlərində onlarla qız gələcəkdə müstəntiq, vəkil, hakim, jurnalist, kompüter müətəxəssisi, həkim, müəllim olmaq istədiklərini səsləndirdilər”.
F.Abbaslı deyib ki, sorğu zamanı maraqlı məqamlarla da üzləşiblər: “Məsələn, ucqar dağ kəndlərində sorğu zamanı 2 qız bildirdi ki, bizim analarımız 14-15 yaşların olanda ailə həyatı qurmuş və sonra da ciddi şəkildə fəsadlarını yaşamışlar. Bu gün isə həmin analar qızlarının azyaşlı kimi ailə həyatı qurmasından narazıdılar və təkidlə qızlarının təhsilini davam etdirmək istəyirlər. Qeyd edim ki, tədbirlərdə ekspert kimi erkən nikahla bağlı dəfələrlə beynəlxalq təlimlərdə sertifikat qazanmış, bu mövzularda yazıları yerli və beynəlxalq müsabiqələrin qalibi olmuş Zahir Əmənov meordatorluq etdi. O, iştirakçıların çoxsaylı suallarını da cavablandırdı. “Ümidim sənsən” İctimai Birliyi olaraq tədbirlərin keçirildiyi bütün ərazilərdə bizə yardımçı olmuş məktəb direktorlarına, ərazi nümayəndəliklərinə, eləcə də rayon icra hakimiyyətlərinə öz minnətdarlığımızı bildiririk”.