Son yeniləmə: 15 Noyabr 2022 16:31
BAYRAQDAR MEDİA – Bu başlıq bizə aid deyil. Almaniyanın General Anzeiger nəşri Azərbaycan diaspor fəalı, iş adamı Naibə Hacıyeva ilə söhbəti oxucularına belə bir ad altında təqdim edib: Bonnerin versteht sich als Botschafterin Aserbaidschans.
Noyabrın 14-də “General Anzeiger” “Bonn International” seriyasından növbəti yazısını Azərbaycan əsilli yerli sakin Naibə Hacıyevaya həsr edib.
Yazıda Naibə xanımın Azərbaycandan gələrək Almaniyaya yerləşməsi, burada özünə həyat qurması, iş sahibi olması, övladları haqqında danışılır. Eyni zamanda o da qeyd edilir ki, N.Haciyevaya yerli əhali – onunla ünsiyyətdə olanlar “Frau Baku” deyə müraciət edirlər.
Naibə xanım yazının müəllifi Ştefan Hermes (Stefan Hermes) ilə söhbətində Qarabağla bağlı yanlışlardan, Rusiyanın Azərbaycanın başına gətirdiklərindən də danışır və bildirir ki, bununla bağlı hər kəsi bilgiləndirməyə çalışır. Müəllif Azərbaycanlı xanımı “mədəniyyətlər arasında körpü quran” şəxs kimi təqdim edir.
O da bildirilir ki, Naibə xanım Almaniyaya gəlməzdən öncə “küçələrinin şampunla yuyulduğu bir ölkə” təsəvvür edirmiş. Lakin gəldikdən sonra onun bu inamı bir qədər sarsılıb.
Jurnalistin “nə vaxtsa Azərbaycana qayıtmaq istərdinizmi” sualına cavab olaraq Naibə xanım bir qədər düşünərək uşaqlarını burada çətinliklə böyütdüyünü deyir və özünəməxsus münasibət bildirir: “çünki mən bir gün burada nəvələrimin də gülüşünü görmək istəyirəm”.
Özlüyündə maraqlı söhbət əsasında qurulmuş yazı Azərbaycanın tanıdılması baxımından yaxşı örnəkdir. Yazı həm də Azərbaycandan kənarda özünü layiqincə təqdim və ölkəsini təmsil edə bilən bir diaspor fəalının örnək təşkil etməsi baxımından diqqət çəkir.