Press "Enter" to skip to content

Beynəlxalq tədbirdə “ASAN xidmət” konsepsiyasından danışılıb

Tədbir zamanı

Son yeniləmə: 15 Noyabr 2022 10:30

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Seul şəhərinə səfər edib. Səfərdə məqsəd Koreya Respublikasının Elm və İKT Nazirliyi və BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) birgə təşkilatçılığı ilə keçirilmiş 1-ci Asiya-Sakit Okean Rəqəmsal Nazirlər Konfransında iştirak etmək olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 15-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, “Birgə gələcəyimizin formalaşdırılması” mövzusunda keçirilən konfransın əsas məqsədlərindən biri dövlət xidmətləri sahəsində sosial innovasiyalar, rəqəmsal idarəetmə, hökumət texnologiyaları, süni intellektlə bağlı ən son mövzular üzrə təcrübələrin bölüşülməsidir: “Konfrans çərçivəsində Asiya-Sakit Okean Məlumat Platformasının 2022-2026-cı illər üzrə tədbirlər planı müzakirə edilib. Dövlət Agentliyinin sədr müavini çıxışı zamanı dövlət xidmətlərinə şəffaf, səmərəli və bərabər çıxışın təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunması istiqamətində ölkəmizdə görülən işlər, eyni zamanda “ASAN xidmət” konsepsiyası ilə bağlı geniş məlumat verib. Dövlət idarəçiliyində rəqəmsal texnologiyalar və elektron hökumətin tətbiqinin genişləndirilməsinin zəruriliyinə toxunan natiq müvafiq sahə üzrə ölkəmiz tərəfindən əldə edilmiş nailiyyətləri qeyd edib”.

Qeyd olunan sahələrdə beynəlxalq əməkdaşlığın və bu çərçivədə qarşılıqlı təcrübələrin bölüşülməsinin əhəmiyyəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb: “Eyni zamanda dövlət xidmətlərinin göstərilməsində rəqəmsal texnologiyalardan istifadənin vacibliyi, rəqəmsal transformasiyanın qabaqcıl idarəçilik və vətəndaş məmnunluğunun əhəmiyyəti diqqətə çatdırılıb.

Konfransda BMT və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının rəhbərləri çıxış ediblər. Azərbaycan tərəfindən elektron hökumət və rəqəmsallaşma sahəsində görülən işlər digər iştirakçılar tərəfindən maraqla qarşılanıb və müvafiq sahələrdə qarşılıqlı əməkdaşlıqların qurulması ilə bağlı ilkin razılıqlar əldə olunub”.

Tədbir çərçivəsində Koreya Respublikasının elm və İKT naziri, Maldivin ətraf mühit, iqlim dəyişikliyi və texnologiyalar üzrə dövlət naziri ilə müvafiq əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.