Press "Enter" to skip to content

39 yaşlı türk dövləti

Nadir Azəri

Son yeniləmə: 15 Noyabr 2022 11:25

Doğu Akdenizdə türk dünyasını təmsil edən KKTC 40-cı yaşına TDT-nin müşahidəçi üzvü kimi qədəm qoyur

BAYRAQDAR MEDİA – 15 noyabr dünyada daha bir türk dövlətinin – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) elan olunması günüdür. Bu gün KKTC-nin elanının 39-cu ildönümüdür.

Tarixdən bəlli olduğu kimi, düz 39 il öncə Qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın öndərliyi ilə Kıbrıs Türk Federal Dövləti Məclisi KKTC-nin qurulduğunu elan etdi. Lakin bu elan, ümumiyyətlə Kıbrıs türkünün varlığını qorumaq, onun dövlətinin qurulduğunu bütün dünyaya bəyan etmək heç də asan olmamışdır. Kıbrıs türk qardaşlarımız bu yolda çoxlu sayda şəhid verib, adada sözün həqiqi mənasında var olmaq mübarizəsi aparıblar.

Yəni dediyimiz o ki, bu gün Qərb, xüsusilə də uzun illər Kıbrıs türkünün dövlətçilik haqqını tanımaq istəməyən ikiüzlü Avropa zamanında terrorun, soyqırımın, antitürk, antimüsəlman siyasətinin yanında durmasaydı, Kıbrısda proseslər başqa məcrada inkişaf edərdi.

Lakin təəssüflər olsun ki, Avropa, ümumilikdə Qərb Yunanıstanın Kıbrıs adasını özünə birləşdirmək üçün ötən əsrin 40-cı illərində başlatdığı “Enosis” (birləşmək) siyasətinə təpki göstərmədi. Nəticədə də 1960-70-ci illərdə Kıbrıs türklərinin başına hansı faciələrin gətirildiyi, bu işdə 1955-ci ildə məhz Yunanıstanın birbaşa rəhbərliyi ilə yaradılan EOKA (Ethniki Oraganosis Kyprion Agoniston – Kipr Yunanlarının Azadlığı Təşkilatı) terror təşkilatının hansı qanlı cinayətlər törətdiyi bütün dünyaya bəllidir.

Məhz həmin qanlı olaylar haqqında tarixi məlumatlara sahib olan hər bir vicdanlı kəs də bu fikri təsdiqləyər ki, KKTC-nin yaranması tarixi zərurətdən doğurdu. Çünki vurğuladığımız kimi, ötən əsrin 60-cı illərindən etibarən rum-yunan cütlüyü Kıbrıs türklərinə qarşı misli görünməmiş təzyiq, soyqırım siyasəti həyata keçirirdi. Buna son qoymaq üçün qardaş Türkiyə tərəfindən reallaşdırılan 1974-cü il Kıbrıs Barış Hərəkatından sonra adada yeni vəziyyət yarandı. 13 fevral 1975-ci ildə Kıbrıs Türk Federal Dövlətinin yaradıldığı elan edildi. Lakin adadakı rumların Kıbrısda hakim xalq iddiasından əl çəkmədiyini, o cümlədən Qərbin də bu antitürk mövqeyinə dəstək verdiyini görən türklər yeni və müstəqil dövlətin elan edilməsindən başqa çıxış yolunun olmadığını gördülər. Beləliklə də 1983-cü il noyabrın 15-də KKTC rəsmən elan edildi.

Bu gün Doğu Akdenizdə türk dünyasının təmsilçisi olan KKTC hələ də dünyadan haqq etdiyi dəstəyi, dövlət kimi tanınmaq haqqını ala bilməyib. Bununla belə, qocaman türk dünyası KKTC-nin yanındadır. Özü də KKTC-yə türk dünyasının göstərdiyi dəstək sözdə deyil, həm də əməldə sərgilənir.

Hələ 2021-ci il noyabrın 12-də Türk Dövlətləri Təşkilatının elan edildiyi İstanbul zirvəsinin sonundakı çıxışında Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan KKTC ilə bağlı vacib məqama da toxunmuşdu. Sayın Erdoğan həmin vaxt “Ailə rəsmimizi zənginləşdirmək üçün qarşıdakı dövrdə Kuzey Kıbrıs Türk Cümhuriyyətini də aramızda görməyi səmimiyyətlə arzu edirik. Türk dünyasının ayrılmaz bir parçası olan Kıbrıs türklərinin məruz qaldığı təcrid və yasaqların yüngülləşdirilməsində sizin dəyərli dəstəklərinizə ümid edirəm”, – demişdi.

KKTC Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilib

Nə mutlu bizlərə, nə mutlu türk dünyasına ki, üstündən cəmi bir il keçəndən sonra – 2022-ci il noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə KKTC ilə bağlı tarixi qərar qəbul edildi. Həmin müjdəli xəbəri də elə R.T.Erdoğan bütün dünyaya bəyan etdi: “Türk dünyasının ayrılmaz bir parçası olan Kıbrıslı qardaşlarımızın yalqız olmadığını göstərərək həll prosesinə də töhfə verdik. Bu həmrəylik iradəsini sərgilədiyiniz üçün siz qiymətli qardaşlarıma ayrı-ayrı təşəkkür edirəm”.

Bu dövlətin Cümhurbaşqanı Ersin Tatarın da bəyan etdiyi kimi, KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi tarixi qərardır. Çünki Kuzey Kıbrıs Türk Cümhuriyyətinin öz adı altında beynəlxalq təşkilata üzv olması Kıbrıs türklərinin siyasi mübarizəsinə də bir dəstək xarakteri daşıyır. Bu, həm də dünyaya bir mesaj idi. “Kıbrıs türkləri tək deyil”, mesajı.

Biz də qardaş Kıbrıs türklərini bu tarixi qərar, həmçinin, KKTC-nin elan olunmasının 39-cu ildönümü münasibəti ilə təbrik edirik. Kıbrıs türkü xoşbəxtdir ki, Dr. Fazil Küçükün, Rauf Raif Denktaşın mübarizəsi hədər getmədi. Onların qaldırdığı bayraq bu gün Cümhurbaşqanı Ersin Tatarın timsalında etibarlı əllərdədir.

Mission News Theme by Compete Themes.