Son yeniləmə: 14 Noyabr 2022 17:07
BAYRAQDAR MEDİA – Azərbaycanın ornitoloji turizm üzrə potensialının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən 9-14 noyabrda tanıtım səfəri təşkil edilib. Tanıtım səfəri Türkiyə, İsveç, İsveçrə, Finlandiya və Böyük Britaniyadan olan media nümayəndələri və quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 14-də Dövlət Turizm Agentliyindən bildirilib.
Qeyd edilib ki, səfər zamanı “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində yerləşən quşların Qafqaz dağları ilə Xəzər dənizi arasından keçid yolunu əhatə edən “darboğaz” ziyarət edilib, payız miqrasiyası müşahidə edilib: “Həmçinin Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan və Ağgöl Milli Parkları, Mahmudçala və Varvara gölləri, eləcə digər ərazilərə səfər həyata keçirilib, Azərbaycanda olan nadir quş növləri müşahidə edilib. Proqram çərçivəsində ornitoloji turizmlə birgə Azərbaycanda inkişaf etmiş digər turizm növləri haqda təqdimatlar keçirilib, səfər iştirakçıları Azərbaycanın milli mətbəxi nümunələri, çay və sitrus plantasiyaları, onların yetişdirilmə və istehsalat prosesi ilə yaxından tanış olublar”.
O da bildirilib ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət Qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.