Son yeniləmə: 14 Noyabr 2022 12:44
Hulusi Kılıç: Bu cür terror aktları Türkiyəni yolundan döndərə bilməz
BAYRAQDAR MEDİA – “Noyabrın 13-də İstanbulda baş verən xain terror aktını kəskin şəkildə qınayıram. Bu qanlı olay zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralıların isə tezliklə sağalmalarını arzu edirəm. Türk xalqının başı sağ olsun”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi, Türk Ağsaqqalları Birliyinin həmsədri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, bu cür terror aktlarının, qanlı cinayətlərin bir məqsədi var: “Terrorçular və onların arxasında dayananlar bununla Türkiyəni dayandıracaqlarını, Türkiyənin dünyada və regiondakı nüfuzuna kölgə salacaqlarını düşünürlər. Amma onlar yanılırlar. Türkiyə güclü dövlətdir. Bu cür terror aktları Türkiyəni yolundan döndərə bilməz”.
H.Kılıç deyib ki, bu qanlı olaydan dərhal sonra başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla dost və qardaş ölkələrdən verilən başsağlığı mesajları türk xalqında böyük məmnuniyyət yaradıb: “Eyni zamanda, türk xalqı yaxşı bilir ki, dövlətimiz bundan əvvəl olduğu kimi bu qanlı olayı planlaşdıran və həyata keçirənlərə də layiqli şəkildə cavab verəcək”.