Son yeniləmə: 14 Noyabr 2022 17:19
Zeynel Abidin Kıymaz: Səmərqənd Zirvəsində sərgilənən mövqe Turanın qurulacağına işarə edir
BAYRAQDAR MEDİA – “Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü türk dünyası üçün çox önəmli bir toplantı idi. Hesab edirəm ki, bu zirvə Turan ideyasının həyata keçirilməsi istiqamətində ilk toplantılardan biri kimi tarixə düşəcəkdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında qardaş Türkiyənin GAP Gazeteciler Birliğinin genel başqanı Zeynel Abidin Kıymaz deyib.
TDT-nin IX Zirvə Görüşünü dəyərləndirən Z.A.Kıymaz bildirib ki, türk milləti iki yüz ildir geriyə gedişdən sonra ilk dəfə XXI əsrdə bir toparlanma mərhələsinə qədəm qoyub: “Türkiyə Cümhuriyyətinin liderliyində atılan addımlar, Türkiyə-Azərbaycan qardaşlığından güc alan fəaliyyətlər türk dünyasının inteqrasiyasının dərinləşməsinə təkan verir. Hesab edirəm ki, iqtisadi, hərbi, enerji sahəsində müstəqil fəaliyyət sərgilənməsi istiqamətində atdığı addımların hədəfinə çata bilməsi üçün Türkiyənin bir beş il hər hansı müharibəyə qoşulmadan bölgəsində diqqətli bir siyasət yürüdərək, hərbi gücünü daha da inkişaf etdirməsi lazımdır. Türkiyənin güclənməsi demək, türk dünyasının və İslam aləminin güclənməsi deməkdir”.
Bildirilib ki, Türkiyənin həm geosiyasi, həm strateji, eyni zamanda, enerji marşrutları baxımından da Asiyadan Avropaya keçiş nöqtəsi olması və Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe baxımından əhəmiyyəti daha da artıb: “Qarşımızdakı 21-ci yüzil türk əsri olacaq. Türk dünyası, türk dövlətləri məzlum xalqlara da hamilik edəcək. Keçmiş SSRİ tərkibində olan və hələ də müstəqilliyinə qovuşa bilməyən, Çində Doğu Türküstan başda olmaqla bir çox yerdə zülmə məruz qalan türklərin də problemlərinin həlli üçün Türkiyənin, TDT-nin güclü olması lazım və vacibdir. Səmərqənd Zirvəsində sərgilənən mövqe də Turanın qurulacağına işarə edir. Bir zamanlar necə Avropa Birliyi quruldusa, türk birliyi də o formada güclü şəkildə ortaya çıxacaq”.
Z.A.Kıymaz deyib ki, Səmərqənd Zirvəsinin bir başqa önəmi də KKTC-nin TDT-yə müşahidəçi üzv qəbul edilməsi ilə bağlı oldu: “Bu, KKTC-nin tanınması yolunda atılmış çox önəmli bir addımdır”.