Press "Enter" to skip to content

Ruhunu İrana satanlar, nə qədər gec deyil, bu yoldan dönün

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – İlini unutmuşam, çoxdanın söhbətidir. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid İrana səfər etmişdi və orada həbs olunmuşdu. Üstəlik də ona ETTELAAT-la iş birliyi müqaviləsi imzaladıb buraxmışdılar. Yəni Q.Zahid İran xüsusi xidmətinə casusluq etməyə boyun olmuşdu. Sonradan özünün dediyinə görə, düşdüyü durumdan çıxmaq üçün bu addımı atmışdı.

Q.Zahid ETTELAAT-la beləcə “anlaşıb” azadlığa çıxmış və Azərbaycana qayıtmışdı. Sərhədi keçən kimi də dövlətin müvafiq qurumuna şəxsən müraciət edərək başına gələnləri, iş birliyi müqaviləsi bağladığını danışmışdı.

Bunu niyə xatırladıram? Noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti növbəti dəfə İrana bağlı casus şəbəkəsinin ifşa edildiyi haqqında xəbər yaydı. Bu isə bir daha insanların belə əmələ necə cəlb edildiyi ilə bağlı düşünmək üçün əsasdır.

DTX İranın casus şəbəkəsini ifşa edib – VİDEO

Doğrudan da, necə olur ki, Azərbaycan vətəndaşları İranın çirkin casus fəaliyyətlərinə könüllü alət olurlar? Yaxud, doğrudanmı bu işi könüllü edirlər?

Könüllü edənlər, heç şübhəsiz ki, var. Amma şəxsən mən düşünürəm ki, onların sayı elə də çox deyil. Bəs necə olur ki, “könülsüzlər” də bu çirkaba bulaşır?

Hə, əsas məsələ də elə budur. İllərdir deyirik ki, dövlət İran ziyarətlərini nəzarət altına almalıdır. İnsanımızın din-məzhəb bağlarından istifadə edən şeytan rejimi onları bu dəyərlərlə aldadaraq tora salır. Necəsi də bəllidir.

Əvvəlcə dindən başlayırlar. İmam Hüseyn, Fatimeyi Zəhra, daha kimlər və kimlər. Bunun ardından da din adı altında şirnikləndirmələr, bulaşdırmalar. Videoların çəkilməsi, şantaj üçün materialların toplanması, təhdidlər. Bütün bunlardan yaxşı bir bagaj hazırlanır və casuslar iş üçün hazırdır. Demək istədiyimiz odur ki, “könülsüzlər”i bu və bənzər yollarla iş birliyinə cəlb edir İran rejimi.

Yeri gəlmişkən, belə cəlbetmələr bir qayda olaraq Qum və Məşhəd ziyarətləri zamanı daha çox işə yarayır. Ona görə illərdir deyirik ki, Qum, Məşhəd ziyarətlərini məhdudlaşdırmaq, hətta dayandırmaq lazımdır. Amma nəticə nə olur? O olur ki, bir qrup qaragüruh bizi din düşməni elan edib gözdən salır.

Məşhəd, Qum yolları bağlanmalıdır deyirik...
Məşhəd, Qum yolları bağlanmalıdır deyirik…

Qeyd edək ki, 2018-ci ildə Naxçıvan-Məşhəd sürət qatarı marşrutunun açılması elan ediləndə narahatlığımızı hətta şeirlə dilə gətirmişdik…

https://www.azerhasret.com/?p=5299

Demək istədiyimiz odur ki, Azərbaycan ümumiyyətlə İranla bütün dini əlaqələri kəsməlidir. Azərbaycanlıların xaricdə, özəlliklə də İranda dini təhsil alması yasaqlanmalıdır. Çünki İranın dini təhsil dediyi şey, əslində, vətən xainliyinə cəlb etmə əməliyyatıdır. Əlbəttə, söhbət hamıdan getmir. Amma hamının bu məqsəd üçün gözaltı edilmədiyini də deyə bilmərik…

Yazının əvvəlində Q.Zahidin əhvalatını qeyd etmişdim. Səbəbsiz deyil. Demək istədiyim odur ki, İranın ya zəlzələdən, ya vəlvələdən cəlb etdiyi hər kəs bir gün mütləq ifşa ediləcək. Ona görə də nə qədər gec deyil, belə şəxslər özləri könüllü şəkildə dövlətimizə müraciət edib yolun yarısından qayıtmaq imkanından istifadə etsinlər. Etsinlər ki, daha böyük zərərə uğramasınlar. Dönsünlər ki, heç olmasa bundan sonra bu Vətəndə yaşamağa üzləri qalsın…

Mission News Theme by Compete Themes.