BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Komitəsi noyabrın 14-də məlumat yayaraq İranın ölkəmizdəki casus şəbəkəsini ifşa etdiyini bildirib. O da qeyd edilib ki, casusluğa cəlb edilmiş şəxslər sosial media üzərindən xəbərləşiblər.
Bunu nəzərə alaraq Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, DTX sosial media platformalarından əlavə bilgi tələb edə bilər.
O.Gündüzün məsələyə münasibəti:
DTX çox uğurlu bir əks-kəşfiyyat əməliyyatı həyata keçirib.
DTX-nın bir əməliyyatla İranın ölkəmizə qarşı casusluq edən 5 əməkdaşının ifşa olunması və vətənə xəyanət maddəsi ilə məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyəti ciddi, sistemli və uzunmüddətli işin nəticəsi olaraq dəyərləndirilə bilər.
Fikrimcə, bu əməliyyat, hətta İran və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə ciddi təsir edə biləcək səviyyədə hadisədir.
Artıq görünən odur ki, qonşu İranın xüsusi xidməti açıq-aşkar Azərbaycan əleyhinə casus şəbəkəsi formalaşdırıb və özünün kəşfiyyat maraqlarını həyata keçirir.
Bu tip hərəkətlər son zamanlar hətta sosial mediada açıq fəaliyyət göstərən bəzi iranpərəstlərin də çıxışlarından görsənir.
Güman etmək olar ki, İranın son zamanlar Azərbaycan əleyhinə təhdidlərinin artmasından, sərhəddə hərbi təlimlər keçməsindən sonra Azərbaycana qarşı işləyən casus şəbəkəsi də aktivləşib.
DTX-nın bununla bağlı açıqlamasında diqqət cəlb edən həm də bu agentura şəbəkəsinin topladığı məlumatları Telegram və WhatsApp kimi sosial media resurslarından istifadə etməklə ötürməsidir.
Maraqlıdır ki, bu agentura şəbəkəsi daha təhlükəsiz olan Signal-dan deyil, FETÖ şəbəkəsinin istifadə etdiyi ByLock tipli mesencerlərdən deyil, daha adi olan sosial resurslardan istifadə edib.
Güman ki, artıq DTX Meta şirəkəti və Telegram-ın ofislərinə cinayət məsuliyyətinə cəlb olunanlarla bağlı əlavə məlumatların verilməsi üçün müraciət edib.
Bu qlobal resurslar beynəlxalq normalara görə cinayət işi başlananlarla bağlı əsaslandırılmış sorğular daxil olduqda məlumatları təqdim etməyə borcludur.
Amma adətən bu tip qlobal şirkətlərdə ikili standartlar da olur.
Odur ki, ofşorda yerləşən Telegram-ın casuslarla bağlı məlumatları Azərbaycan tərəfinə verəcəyi inandırıcı görsənməsə də, düşünürəm ki, Meta şirkətindən WhatsApp istifadəçisi olan casus şəbəkə üzvləri haqqında məlumatları əldə etmək olar.
Xüsusi xidmət orqanlarımızın İranın agentura şəbəkəsinə qarşı fəaliyyəti təqdirəlayiqdir.