Press "Enter" to skip to content

Bizi heç bir qüvvə bu müqəddəs yolumuzdan döndərə bilməz

Emin Həsənli

Son yeniləmə: 14 Noyabr 2022 12:43

Emin Həsənli: Bu cür təzyiqlər Türkiyəni, Azərbaycanı, ümumilikdə türk dünyasını daha da gücləndirir

BAYRAQDAR MEDİA – “Noyabrın 13-də qardaş Türkiyənin ən böyük şəhəri İstanbulda törədilən terror aktını qətiyyətlə pisləyirik. Bu terror aktı zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyirik. Yaralananlara can sağlığı diləyir, qardaş türk xalqına isə başınız sağ olsun deyirik”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu qanlı cinayətin arxasında hansı məqsədlərin dayandığı bəllidir: “Son illər Cümhurbaşqanı Recep Tayyip Erdoğanın rəhbərliyi ilə Türkiyənin həyata keçirdiyi uğurlu siyasət, qardaş ölkənin hər keçən gün dünyada nüfuzunun daha da artması, dünyanın dörd bir yanında sülh və sabitlik üçün mühüm rol oynaması, regionda baş verən proseslərdə aparıcı söz sahibi olması danılmaz bir faktdır. Həm bu, həm də Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi, türk dünyasında inteqrasiyanın dərinləşməsi, TDT-nin Səmərqənddə keçirilən Zirvə Görüşündə qəbul edilən qərarlar bəzi xarici gücləri, o cümlədən düşmənlərimizi ciddi şəkildə narahat edir. Onlar bizi öz yolumuzdan döndərmək üçün bu cür qanlı əməllərə baş vururlar”.

E.Həsənli deyib ki, bəlli xarici güclər zaman-zaman Türkiyəyə qarşı müxtəlif sahələrdə təxribatlar həyata keçirirlər: “O dairələrin əl atdığı metodlardan biri də qanlı terror aksiyalarıdır. Bu zaman isə həmin xarici imperialist qüvvələr PKK/PYD və digər terror təşkilatlarından bir maşa kimi istifadə edirlər. Lakin bu cür cəhdlər əbəsdir. Türkiyə bundan sonra da öz qətiyyətli siyasətini davam etdirəcək. TDT bundan sonra da öz yolu ilə, özü də daha əmin addımlarla gedəcək. Bizi kimsə, heç bir qüvvə bu müqəddəs yolumuzdan döndərə bilməz. O terrorçu qüvvələr, eyni zamanda onlara sifariş verən bəlli xarici mərkəzlər bunu yaxşı bilsinlər. Bilsinlər ki, bu cür təzyiqlər bizi – Türkiyəni, Azərbaycanı, ümumilikdə türk dünyasını daha da gücləndirir, daha da inamlı addım atmağa bizə təkan verir”.

“Biz də Azərbaycan vətəndaşları olaraq, həmçinin rəhbərlik etdiyim “Qardaşlığımız əbədidir” QHT Koalisiyası olaraq bəyan edirik ki, hər zaman qardaş Türkiyənin yanındayıq. Sonuna qədər də Türkiyəni dəstəkləyəcəyik”, – deyə E.Həsənli sonda bildirib.

Mission News Theme by Compete Themes.