Son yeniləmə: 14 Noyabr 2022 12:58
Savaş Mərəndli: Bu lider cənab İlham Əliyevdir
BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı, xüsusilə də Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin ana dilində təhsil almaq imkanlarından məhrum olması ilə bağlı dediyi sözlər heç də təsadüfi deyil. Çünki əvvəla, cənab İlham Əliyev bunu deməklə gerçəkliyi bütün dünyanın diqqətinə çatdırıb. Digər tərəfdən bu, cənab İlham Əliyevin Prezident seçildiyi ilk gündən həyata keçirdiyi siyasətin davamıdır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Guney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli deyib.
Hər bir azərbaycanlının prezidenti
O, qeyd edib ki, Prezident İlham Əliyev ötən müddət ərzində dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının problemlərini diqqətdə saxlayıb, o problemlərin həlli üçün lazım olan bütün addımlar atılıb: “Eyni zamanda hesab edirəm ki, cənab İlham Əliyevin Səmərqənddəki çıxışı onun bir zamanlar bəyan etdiyi “Mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm” fikrinə sadiqliyinin növbəti təsdiqidir”.
Bu, Ali Baş Komandanın nə dərəcədə milli ruha malik bir lider olduğunu sübut edir
S.Mərəndli deyib ki, İlham Əliyevin qərarlılıqla Azərbaycan mənfəətlərinin qorunmasında israrı cənab Ali Baş Komandanın nə dərəcədə milli ruha malik bir lider olduğunu sübut edir: “Biz də Güney Azərbaycanlılar olaraq cənab Prezidentin arxasındayıq. Bu günlərdə Təbrizdə, digər Güney Azərbaycan şəhərlərində cənab Prezidentin portretlərinin divarlara vurulması, o portretlərin altında yazılan fikirlər Güneyin öz liderinin arxasında olduğunu bir daha sübut etdi. Nə mutlu ki, belə bir dərin siyasətə və milli inanca malik olan Ali Baş Komandanımız var”.
Güney Azərbaycan gəncləri artıq müstəqillik istəyirlər
Qeyd olunub ki, Güney Azərbaycan gəncləri artıq müstəqillik istəyirlər: “Onlar fars-molla rejiminin əsarətində yaşamaq istəmirlər. Bizim gənclər artıq yenilik, müasirlik və tərəqqi istəyirlər. Onlar Quzey Azərbaycandakı bacı-qardaşları kimi azad olmaq, müasir biliklərə yiyələnmək və Güney Azərbaycanın gələcək inkişafında mühüm rol oynamaq istəyirlər”.
İlham Əliyevin Səmərqənddəki çıxışı İran fars-molla rejiminin bu planını da alt-üst etdi
S.Mərəndli maraqlı bir məqama da toxunub: “Qeyd edim ki, cənab Prezident İlham Əliyevin Səmərqənddəki çıxışı bir məqama da aydınlıq gətirdi. Son vaxtlar İranın mövcud rejiminə, o cümlədən İran kəşfiyyatına bağlı olan bəzi özünü milli fəal kimi təqdim edən casuslar təxribat xarakterli çıxışlar edirdilər. Onlar “Güney Azərbaycanın liderləri niyə xaricdədir”, “Onlar Güney Azərbaycanın bu günündə niyə öz vətənləriində hərəkata rəhbərlik etmirlər”, “Xaricdə oturub bura göstəriş verməklə liderlik olmaz” kimi təxribatçı fikirlər səsləndirirdilər. Məqsəd də bəllidir. İran rejimi, təhlükəsizlik qüvvələri bu yolla Güney Azərbaycanın guya lidersiz olduğu görüntüsü yaratmaq, hərəkatı parçalamaq istəyir. Lakin cənab İlham Əliyevin Səmərqənddəki məlum çıxışı İran fars-molla rejiminin bu planını da alt-üst etdi. O mənada ki, artıq bizim – Güney Azərbaycanın daxildə liderimiz var. Artıq Güney Azərbaycan Milli Hərəkatının lideri var. O, Güneyli-Quzeyli bütöv Azərbaycanın Prezidenti cənab İlham Əliyevdir”.
Cənab İlham Əliyev bu gün Bütöv Azərbaycanın Prezidentidir
Bildirilib ki, cənab Prezident İlham Əliyev bu liderlik missiyasını 44 günlük Vətən mühairbəsindən sonra Xudafərin körpüsündə Güney Azərbaycan türklərinə salam göndərməklə başlatmışdı: “Cənab Prezident və xanımı Mehriban Əliyeva Xudafərin körpüsünü ziyarət etmişdi və həmin vaxt İlham Əliyev müharibə dövründə İranın Ermənistana silah verməsinə mane olan Güney Azərbaycanlılara təşəkkür etmişdi. Bu, əslində, bir liderin öz xalqına, xalqının hələ ki, əsarətdə qalan bir hissəsinə salamı və minnətdarlığı idi. Bir sözlə, cənab İlham Əliyev bu gün Güney Azərbaycan Milli Hərəkatının lideridir. Cənab İlham Əliyev bu gün Bütöv Azərbaycanın Prezidentidir. Həm İran, həm də bütün dünya bu reallığı qəbul etsin”.