BAYRAQDAR MEDİA – “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Xanım Əhmədzadə məişət zorakılığının bütün cəmiyyətə qarşı şiddət olduğunu bildirib. O, qeyd edib ki, “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı 1 min 499 cinayət faktı qeydə alınıb. Bu, 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 19 faiz artım deməkdir. Hər gün aldığımız informasiyalardan bəllidir ki, bu ilin yekunları daha acınacaqlı olacaq”.
X.Əhmədzadə BAYRAQDAR MEDİA-ya verdiyi açıqlamada daha sonra əlavə edib: “Azərbaycanda “Məişət zorakılığı haqqında” Qanun 2010-cu ildə qəbul edilib. 2020-ci il noyabrın 27-də isə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub. Statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət şəraitində zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir. Qadın və uşaqlara qarşı məişət zorakılığı, xüsusilə də bu hüquq pozuntusunun cinayət xarakterli tərəfləri tək qadınların problemi olmamalıdır. Azərbaycanda vətəndaşların əksəriyyətinin öz hüquqlarını bilməməsi və dövlətin verdiyi imkanlardan yararlanmağı bacarmaması məişət zorakılığına və xüsusən də qadın hüquqlarının pozulmasına səbəb olur”.
Birlik sədri belə zorakılığın qarşısının alınmasından da danışıb: “Zorakılığın qarşısının alınması qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılmasını, əhalinin maarifləndirilməsi sahəsində aktiv fəaliyyətin həyata keçirilməsini tələb edən prosesdir. Cəmiyyətdə baş verən bu kimi zorakılıqları nəzərə alaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” adlı layihəni icra edirik. Tədbirlər Bakı şəhərində həyata keçirilir, layihənin icra müddəti 3 aydır”.
X.Əhmədzadə hər kəsi düşündürən suallarla bağlı isə bunları deyib: “Hər kəsi düşündürən “məişət zorakılığı nədən qaynaqlanır, niyə baş verir, səbəb nədir, nə etməli?” kimi suallara iştirakçılarımız müxtəlif aspektlərdən yanaşaraq özünəməxsus cavablar veriblər. Onlar insanlıq əleyhinə olan bu şiddətdən yayınmaq üçün müxtəlif təkliflər və təşəbbüslərlə çıxış ediblər. Çox təəssüf ki, nəinki əri, eyni zamanda ərinin yaxın qohumları tərəfindən də fiziki, iqtisadi, həm də psixoloji şiddətə məruz qalan qadınlar var. Ailədaxili zorakılıqdan əziyyət çəkən uşaqların və kişilərin də statistikası göz önündədir. Zərərçəkmişlərin kədər dolu hekayələrini dinlədikcə, amansız rəftar göstərənlərə, insanların göz yaşlarına, iztirablarına, bəzən də qanına susayanlara “əl saxlayın, insafınız olsun, həyat bumeranqdır, bir gün candan artıq sevdikləriniz bundan da ağır şiddətə məruz qalar” demək istəyirsən. Məişət zorakılığının qurbanı olmuş qadınlar əsasən maddi cəhətdən çox ciddi sıxıntı keçirirlər və əksər hallarda ailədaxili problemlərin kökündə iqtisadi çətinliklər olduğunu bildirirlər. Hesab edirik ki, mühafizə orderlərinin alınması əlçatan olmalıdır, pulsuz hüquqi yardım xidmətinin və üçrəqəmli qaynar xəttin yaradılması, məişət zorakılığına məruz qalan qadınların təhlükəsizliyinin təcili təmin edilməsi üçün dövlət tərəfindən idarə olunan sığınacaqların açılması vacibdir. Tədbir zamanı toplanmış təklifləri, fikirləri, təşəbbüsləri Milli Məclisə, Nazirlər Kabinetinə, Audiovizual Şuraya və müvafiq dövlət orqanlarına göndərmişik”.