BAYRAQDAR MEDİA – “Azərbaycanfilm” 1947-ci ildə çəkilmiş və Azərbaycan tamaşaçısına tanış olmayan “Arazın o tayında” adlı sənədli filmi noyabrın 10-da özünün Youtube kanalında yayımlayıb.
Güney Azərbaycanda hazırda baş verməkdə olan hadisələr fonunda bu filmin daha geniş auditoriyaya təqdim edilməsinə zərurət var.
“Azərbaycanfilm” sözügedən filmə müşayiət mətni də əlavə edib: “Film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri canlandırır. Film xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir. Filmdə öz xalqına qəlbən bağlı olanlar – Şeyx Xiyabani, Səttarxan, Bağırxan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş kinomateriallardan istifadə edilib. Filmin çəkilişləri İranda aparılıb.
Rejissor: Esfir Şub
Ssenari müəllifləri: Esfir Şub, N.Şpikovski
Təsvir rejissorları: Muxtar Dadaşov, Seyfulla Bədəlov
Bəstəkar: Niyazi
İstehsalçı: Bakı kinostudiyası
Janr: publisistik”
Biz də düşünürük ki, məhz indiki məqamda bu film hər kəsin baxması üçün əlçatan olmalıdır.