Son yeniləmə: 10 Noyabr 2022 15:15
Eskişehirdə Qarabağ Zəfəri və Bayraq Günü münasibətilə möhtəşəm tədbir
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Eskişehir şəhərində Qarabağ zəfəri və Bayraq Günü böyük ruh yüksəkliyi ilə qeyd olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 10-da Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.
Bildirilib ki, tədbir maraqlı çıxışlar və bədii hissə ilə yadda qalıb: “Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Qarabağ Zəfəri” adlı tədbirdə Eskişehir Vali yardımcısı Salih Altun, bir sıra partiyaların gənclik qollarının təmsilçiləri, Kızılelma Turan Dərnəyinin sədri Ahmet Hızlan, ESKENT Dərnəyinin sədri Gürol Yer, Azaflı Sosial Yardım və Dayanışma Dərnəyinin Eskişehir təmsilcisi Figan Kıyaklı, Bursa Azərbaycan İnnovasiya və Dayanışma Dərnəyinin sədri Latifa Nağdaliyeva və Eskişəhərdə yaşayan çox sayda Azərbaycan və Türkiyə vətəndaşları iştirak edib. Tədbirdə həmçinin 44 günlük Vətən müharibəsinin qaziləri, Eskişehirdə təhsil alan Emin Şahbazlı, Rövşən Qurbanov və Şahmar Qasımov da iştirak edib”.
Məlumata görə, tədbirin rəsmi hissəsində Eskişehir Vali Yardımcısı Salih Altun, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və sədr müavini Sirac Yaquboğlu çıxış ediblər: “Çıxşlarda bildirilib ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi. Natiqlər həmçinin Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyin əhəmiyyətindən də bəhs ediblər”.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Zəfərdən bəhs edən kiçik tamaşa və bu il Eskişehir Azərbaycanlılar Dərnəyinin Qadın Qolları sədri seçilən Fidan Hüseynovanın ifasında mini konsert təqdim olunub.