Emin Həsənli: Bu, Türkiyə-Azərbaycan qardaşlığnın əbədi olacağının daha bir təsdiqi idi
BAYRAQDAR MEDİA – Qardaş ölkə Türkiyənin qazilərinin Azərbaycana səfərə gəldiyi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, qazilər Bakıda və Gəncədə olublar.
Noyabrın 9-da isə qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olublar.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.
Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və sözügedən Birliyin birgə təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Türkiyənin hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşada maraqlı anlar yaşayıblar: “Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyini təmsil edən qazilər səfər çərçivəsində ilk olaraq Cıdır düzünə baş çəkdilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Şaiq Məmmədov Şuşa uğrunda gedən döyüşlər barədə qonaqlara ətraflı məlumat verdi. Bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri Vətən müharibəsinin nadir əməliyyatlarından olan Şuşanın azad edilməsini yüksək peşəkarlıqla həyata keçiriblər. Ərazi çətin reylefə malik olduğundan yüngül silahlarla silahlanmış xüsusi təyinatlı bölmələrimiz qalın meşələri, dağları, dərələri keçərək düşmənə gözlənilməz zərbə vurdu. Düşmən üzbəüz döyüşdə məhv edildi”.
Görüşdə çıxış edən “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Şuşanın azad edilməsinin müharibənin taleyini həll etdiyini deyib. O, bundan sonra düşmənin kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldığını diqqətə çatdırıb.
E.Həsənlinin sözlərinə görə, görüşdə Türkiyə Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Erdoğan Karakuş da çıxış edib: “E.Kakaruş Türkiyə cəmiyyətinin Azərbaycanın qələbəsini səbirsizliklə gözlədiyini, hər gün cəbhədən xəbərləri həyəcanla dinlədiyini vurğuladı. İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən qonaq, Türkiyədə Azərbaycan Silahlı Qüvvələri üçün hərbi pilotların hazırlanması ilə bağlı xatirələrini də danışdı”.
Bildirilib ki, Türkiyə qaziləri daha sonra Şuşanın tarixi yerlərini ziyarət edib: “Cıdır düzündə yallı gedən türk qardaşlarımız Şuşa qalasının önündə birlik mesajı da verdilər. Bu, Şuşadan bütün dünyaya verilən birlik mesajı idi. Bu, Türkiyə-Azərbaycan qardaşlığnın əbədi olacağının daha bir təsdiqi idi”.
E.Həsənli əlavə edib ki, noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu dahi Mustafa Kemal Atatürkün vəfatı ildönümüdür. Buna görə də səhər saat 09:05-də Türkiyə qaziləri və onları müşayiət edən Azərbaycan təmsilçiləri dahi Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.