BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanla yanaşı, dünyanın müxtəlif yerlərində bayram tədbiləri keçirilib. Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi Zəfər Bayramı tədbiri isə xüsusilə yaddaqalan olub. Burada Azərbaycanın Quzeyi ilə Güneyi bir araya gəlib.
Bu barədə BAYRAQDAQ MEDİA-ya tədbirin iştirakçılarından olan Guney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli məlumat verib.
Hafiz Baxşəliyev
Onun sözlərinə görə, o taylı, bu taylı Azərbaycandan təmsilçilərin, o cümlədən müxtəlif türk dövlətləri nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb: “Sonra Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri Hafiz Baxşəliyev giriş nitqi söylədi. O, qonaqları və onların simasında bütün Azərbaycan xalqını İkinci Qarabağ müharibəsinin möhtəşəm zəfərinin ildönümü münasibətilə təbrik etdi. H.Baxşəliyev xaricdə yaşayan azərbaycanlıların da Vətən müharibəsi dövründə Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini xatırladaraq bundan sonra da bu birliyi davam etdirməyin vacib olduğunu bildirdi. H.Baxşəliyev onu da qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında ölkə xaricində yaşayan azərbaycanlıların fəaliyyətini yüksək qiymətləndirib”.

S.Mərəndli deyib ki, tədbirdə sonra Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov çıxış edib: “Səfir iştirkaçıları təbrik etdi və Azərbaycanın türk dünyasının ayrılmaz hissəsi olduğunu vurğuladı. Səfir bu Zəfərin hələ başlanğıc olduğunu bildirərək iştirakçıları bundan sonra daha böyük Zəfərlərin olacağına əmin etdi. Onu da deyim ki, səfir Güney Azərbaycan və Türkiyədən olan qonaqları xüsusi salamladı. E.Süleymanov bizim bir millət olduğumuzu xatırlatdı”.

S.Mərəndli qeyd edib ki, tədbirə Yunus Emre İnstitutunun London müdiri Mehmet Karakuş, İraq Türkmən Cəbhəsinin keçmiş sədri Sündüs Abbas da qatılıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib.