Son yeniləmə: 10 Noyabr 2022 10:01
Yüz illərlə kəsik-kəsik olub qəlbim,
Əsrlərlə başdaşısız qalıb qəbrim.
Dünya boyda bir kasaya dolub səbrim
Arazımın o tayına keçmək üçün!
BAYRAQDAR MEDİA – Yuxarıda təqdim etdiyimiz bəndəniz tərəfindən 1991-ci ildə yazılan şeirdən bir parçadır. Həmin şeiri mən Güney Azərbaycana həsr etmişdim. Doğrudur, o zaman Güney, Quzey kəlmələrini çox işlətmədiyimiz üçün şeirimin sonu bu misralarla tamamlanırdı.
Şimalımda ağ kəfənə bürünmüşəm,
Cənubumda daim azad gəzmək üçün!
Düzü, həmin vaxt bu şeiri yazmaq bir yana, nə zamansa Cənubda, yəni Güney Azərbaycanda azad gəzməyi düşünmək, bəzi dostlar tərəfindən, yumşaq desək, ağılsızlıq kimi qəbul edilirdi.
Belələrini görəndə…
Ağılsızlıqdan söz düşmüşkən, kimsəyə sirr deyil ki, günümüzdə də Güney Azərbaycanın müstəqil olacağını deyənləri ağılsız adlandıran, hətta bu fikirdə olanlara “belə zərərli fikirlərdən uzaq dur, İran nəhəng dövlətdir” söyləyənlər yox deyil. Düzdür, son vaxtlar belələri ya susub, ya da bir el məsəlində deyildiyi kimi, “Papadan artıq katolik”lik edir. Yəni tanımasan elə düşünərsən ki, sanki bu şəxsin gecəsi-gündüzü ancaq Güney Azərbaycan sevdası olub.
Bir zamanlar türklük, bozqurd deyəndə bizə tərs baxan bəziləri indi o qədər “türkçü” olublar ki, adam lap məəttəl qalır. Belələrini görəndə, mən hər zaman “Otel otağı” filmindəki bəzi səhnələri xatırlayıram.
https://www.youtube.com/watch?v=5YQnT9oM9tk
Yazıya niyə belə incik notlarla başlamağımız səbəbsiz deyil. Təəssüflər olsun ki, bəzən bizdə TV kanalları, o cümlədən yazılı və elektron media mövzulara yanaşmada birrəngli mövqe sərgiləyir. Amma, əziz həmkarlar, xahiş edirəm, heç olmasa Güney Azərbaycan kimi həssas mövzularda ekspert kimi o kəslərə müraciət edin ki, onlar həqiqətən də bu mövzu barədə ürəkdən danışa bilsinlər. Daha hıqqana-hıqqana, boğazdan yuxarı sözlərlə yola verməsinlər.
Heç nə bizi bu sevdadan döndərə bilmədi
Yəni necə ki, müstəqillik, türkçülük bizim əzəl sevdamız olub, eləcə də Güney Azərbaycanın azadlığı, azad Təbrizdə gəzmək də arzumuz olub. Bu arzu uğrunda əlimizdən gələni etmişik. Düzdür, arzumuza, bu sevdamıza görə, bəzən tənələrə, işlədiyimiz bəzi yerlərdə, “bilirik ki, Güney Azərbaycanı sevirsən, biz də sevirik, amma yazılarda bunu çox qabartma. İranın səfirliyi çox zəhlətökənlik edir” kimi yumşaq xəbərdarlıqlara tuş gəlmişik.
Hələ onu demirəm ki, özü azərbaycanlı olsa da, kökündən, milli hisslərindən uzaq birisi bir zamanlar burada səfir işləyərkən əlinə bir qutu konfet alıb redaksiyaların zəhləsini tökürdü. Həmin vaxt beynəlxalq məsələlərlə bağlı yazıları hazırladığım üçün bu zat hər dəfə bizim redaksiyaya gələndə onun saxta açıqlamalarını da mən yazmalı olurdum. Nəysə ki, ondan can qurtarmağın da yolunu tapdım.
Bir gün səfirlikdə mətbuat konfransı zamanı bu adam guya İranda demokratiya olduğunu, insanlara bütün azadlıqların verildiyini iddia edirdi. Sual-cavab hissəsində “İrandakı azərbaycanlılara öz dillərində təhsil almaq hüququ niyə verilmir” sualım bu zatı o qədər qəzəbləndirdi ki, əgər İranda olsaydım, yəqin özü birbaşa məni dar ağacına aparardı. Bu sualı verməyim onunla nəticələndi ki, ondan sonra həmin adamın saxta fikirlərini yazmaqdan xilas oldum.
Yəni dediyim o ki, Güney sevdamız hər zaman olub və heç nə bizi sevdamızdan əl çəkdirə bilməyib.
Güney Azərbaycanın tezliklə fars-molla rejiminin işğalından azad olunacağına inanırıq
Bəli, inanmışıq. Necə ki, Allahın varlığına inanırıq, eləcə də inanmışıq və inanırıq ki, Güney Azərbaycan bir gün azad olacaq. Necə ki, otuz ilə yaxın müddətdə Şuşanın işğaldan azad olunacağına inanmışıq, eləcə də Təbrizin, Urmunun, bütövlükdə Güney Azərbaycanın tezliklə fars-molla rejiminin işğalından azad olunacağına inanırıq.
Birinci inancımız hasil oldu. Bu gün Şuşa azaddır.
Ötən il dekabrın 25-də azad Şuşada olarkən bir daha dua etdik ki, tanrı bizə azad Təbrizi də görməyi nəsib etsin. Baxın, bizim arzumuz o qədər saf və haqdır ki, ötən hər gün ərzində ona bir addım da yaxınlaşırıq.
Fars-molla rejimindən fərqli olaraq türklər kişi kimi siyasət yürüdür
İran adlı molla dövlətinin düzəni tamamilə pozulub. Bu ölkədəki fars-molla rejimi daha zülm, qorxu və terrorla ölkəni idarə edə bilmir. Başda Güney Azərbaycan türkləri olmaqla İrandakı bütün xalqlar rejimin əməllərinə etiraz səslərini ucaldır.
Molla rejimi isə onların tələblərinə cavab verməkdənsə, müsəlmanın qanını içən, Allahın evində heyvan saxlayan işğalçı Ermənistanla qolboyun olur, ağız-ağıza öpüşür. Bu azmış kimi, bu zavallı erməniləri indi də İran mollaları üzərimizə qısqırdırlar. Molla rejiminin təmsilçiləri ötən hər gün verdikləri sərsəm açıqlamalarla özlərini daha da gülünc günə salırlar.
Bu zavallılar hələ də anlamayıblar ki, indiyə kimi Qərbin İrana sarsıdıcı zərbə vurmasının qarşısını alan həm də Azərbaycanla Türkiyənin qətiyyəti olub. Çünki fars-molla rejimindən fərqli olaraq türklər kişi kimi siyasət yürüdür. Bizdə qonşuya xəyanət, riyakarlıq, satqınlıq, din pərdəsi altında min bir hoqqadan çıxmaq yoxdur.
Azadlığın yolu Güney Azərbaycan Cümhuriyyətinin elanından keçir
Amma İran nə etsə də bu prosesin geriyə dönüşü yoxdur. Güney Azərbaycan Cümhuriyyətinin elan olunması artıq reallıqdır. Özü də qarşısıalınmaz reallıq. Əgər bu gün İran adlı dövlət türkün düşməni ilə bir olursa, Güneyli soydaşlarımızın o dövlətin tərkibində qalması təhlükəlidir. Bu gün erməniyə silah verən fars-molla rejimi, sabah da Təbrizdə, digər şəhərlərdə rəhbər vəzifələrə İran ermənilərini gətirə bilər. Çünki bunlardan hər şey, hər cür pislik, bəd əməl gözləmək olar. O bəd əməlin baş verməməsi üçün isə Güney Azərbaycan azad olmaldır. Azadlığın yolu isə Güney Azərbaycan Cümhuriyyətinin elanından keçir.