Son yeniləmə: 10 Noyabr 2022 15:18
Elvin Hasan: Bizlər qürur duyuruq ki, türk dünyasının bu dahi oğlunun ömrünün bir hissəsi məhz Quzey Makedoniyada keçib
BAYRAQDAR MEDİA – “Bu gün bizim üçün çox hüznlü gündür. Çünki düz 84 il əvvəl 1938-ci il noyabrın 10-da türk dünyasının dahi şəxsiyyətlərindən biri, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürk bu dünyaya gözünü əbədi yummuşdur. Dünyanın hər yerində olduğu kimi Quzey Makedoniyada da türklər hər il noyabrın 10-da dahi Atatürkün xatirəsini yad edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Quzey Makedoniyanın sabiq naziri, hazırda informasiya və idarəetmə nazirinin müşaviri və bu ölkədəki Türk Hərəkat Partiyası Mərkəzi Yönətim Kurulunun üzvü olan Elvin Hasan deyib.
Onun sözlərinə görə, Quzey Makedoniya türklərinin bir qrupu bu il M.K.Atatürkün ruhuna ehtiramlarını bir qədər fərqli şəkildə bildiriblər. E.Hasanin rəhbərliyi ilə bir qrup Manastır şəhərinə gedib: “Dahi M.K.Atatürkün ömrünün bir hissəsi də bu şəhərdə keçib. Türkiyə Cümhuriyyətinin qurucusu 1896-1898-ci illərdə bu şəhərdə olan Manastır Hərbi Liseyində təhsil alıb. Hazırda həmin yer muzey kimi istifadə olunur. Binanın ikinci mərtəbəsində M.K.Atatürk üçün ayrılmış bölmə var. Biz dostlarla Manastıra gedib, həmin bölmədə yerləşən M.K.Atatürkün büstünün önünə gül qoyduq və xatirəsinə ehtiramımızı bildirdik”.
E.Hasan deyib ki, M.K.Atatürk hərbi təhsilini İstanbuldakı Kuleli Hərbi Liseyində davam etdirmək istəyirmiş: “Lakin vətənpərvər qərargah zabiti Hasan bəy onu bu qərarından çəkindirib. Hasan bəy dəfələrlə liseyə gələn, imtahanlarda Mustafa Kemalı tanıyan, sevən bir komandir idi. O günlərdə Hasan bəy gənc tələbəsindən lisey təhsilini harada davam etdirəcəyini soruşub və Mustafa Kemalın niyyətinin İstanbula getmək olduğunu anlayanda belə məsləhət verib: “Bundan əl çək, oğlum. Manastıra get, orada daha yaxşı yetişəcəksən”. Mustafa Kemal Hasan bəyin məsləhətinə əməl edərək Manastır Hərbi Liseyinə gedir. Bizlər qürur duyuruq ki, türk dünyasının bu dahi oğlunun ömrünün bir hissəsi də məhz Quzey Makedoniyada keçib”.